Əsas məzmuna keç
23 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96

“Brain Academy”də dayə 2 yaşlı autizmli uşağı döydü – VİDEO

“Brain Academy” Uşaq İnkişaf Mərkəzinin Bakıxanov (Razin) filialında autizm spektr pozuntusu (ASP) olan 2 yaşlı uşağa qarşı fiziki şiddət göstərildiyi iddia olunur.

Bu barədə Patrul.az-a müraciət edən azyaşlının ailə üzvləri məlumat verib və faktı sübut edən təhlükəsizlik kamerası görüntülərini redaksiyamıza təqdim ediblər.

Məlumata görə, hadisə oktyabrın 20-si, saat 12:01 radələrində akademiyanın “Oyun otağı”nda baş verib.

İddia olunur ki, mərkəzin dayəsi Əsmər Cəfərova 2 yaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı kameranın birbaşa görmə bucağından yayındırmağa çalışaraq, künc hissədə onun başına və üzünə şillələr vurub, fiziki zorakılıq tətbiq edib.

Kamera görüntülərində bu hadisədən dərhal sonra dayənin ağlayan azyaşlıya məcburi şəkildə yemək yedizdirməyə çalışdığı da əks olunub.

Uşağın yaxınları mərkəzə böyük ümidlərlə üz tutduqlarını, lakin amansız rəftarla qarşılaşdıqlarını bildiriblər:

“Biz övladımızı Autizm Spektr Pozuntusu olduğu üçün beyninin və sosial bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bu akademiyaya etibar etmişdik. Lakin onlar uşağın inkişafına dəstək olmaq əvəzinə, ona ağır fiziki və psixoloji şiddət göstərərək dərin travma yaradıblar”.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən bu növ inkişaf mərkəzləri 1-6 yaş arası uşaqlar, erkən inkişaf, loqoped, psixoloq və xüsusilə autizmli uşaqlar üçün həyati əhəmiyyət kəsb edən ABA-terapiya xidmətləri təklif edir. Lakin sözügedən görüntülər və ailənin iddiaları göstərir ki, bəzi müəssisələrdə uşaqların sağlamlığı və təhlükəsizliyi ciddi risk altındadır.

Məsələ ilə bağlı adıçəkilən təhsil müəssisəsinin və ittiham olunan əməkdaşın da mövqeyini dərc etməyə hazırıq.

Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməsi gözlənilir.

Gülbəniz Səfərova