Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar İskəndərov qlobal siyasi prosesləri təhlil edib

Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi proseslərlə bağlı növbəti təhlilini təqdim edib.

Yenigun.Media xəbər verir ki, deputatın “Qlobal siyasi proseslərə baxışım” adlı 22 oktyabr tarixli təhlilində ABŞ–Rusiya münasibətləri, İran–ABŞ qarşıdurması, TRIPP layihəsinin gələcəyi, Avropada təhlükəsizlik məsələləri və Çin–Tayvan gərginliyi diqqət mərkəzində olub.

ABŞ–Rusiya: danışıqlar gündəmdədir

Vüqar İskəndərovun təhlilinə görə, Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndəsi Stiv Uitkoffla görüşündən sonra Ukrayna müharibəsinin dayandırılması ilə bağlı üçtərəfli danışıqların bərpasına prinsipial razılıq verilməsi diplomatik prosesdə yeni mərhələnin başlanğıcı ola bilər.

Bununla yanaşı, hərbi əməliyyatların davam etməsi tərəflər arasında əsas ziddiyyətlərin aradan qalxmadığını göstərir. Təhlildə təhlükəsizlik təminatları və ərazi məsələlərinin mümkün razılaşmanın əsas mübahisə mövzuları olaraq qaldığı vurğulanır.

Hörmüz boğazında gərginlik artır

Deputat İran–ABŞ münasibətlərində Hörmüz boğazında yaranmış vəziyyətə də diqqət çəkib. Onun təhlilində qeyd olunur ki, oktyabrın 22-də İran mediası yeddi neft tankerinin hücuma məruz qaldığını və ya dəniz minalarından zədələndiyini bildirib.

Məlumatların bütün təfərrüatlarının müstəqil şəkildə təsdiqlənmədiyi qeyd edilir.

Vüqar İskəndərovun fikrincə, Hörmüz boğazında təhlükəsizliyin zəifləməsi enerji təchizatı və beynəlxalq nəqliyyat marşrutları üçün ciddi risklər yarada bilər. Regionda qarşıdurmanın genişlənməsi Azərbaycanın da yerləşdiyi coğrafiyada iqtisadi və təhlükəsizlik baxımından diqqətlə izlənilməli prosesdir.

TRIPP layihəsində hüquqi mərhələ

Təhlildə Ermənistan–ABŞ münasibətləri və TRIPP layihəsinin icrası da xüsusi yer alıb.

Bildirilib ki, oktyabrın 21-də Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası ABŞ-la strateji əməkdaşlıq çərçivəsində TRIPP layihəsinə dair sazişin ratifikasiyasını dörd lehinə, bir əleyhinə səslə dəstəkləyib. Sənədin parlamentin plenar iclasında müzakirəsi nəzərdə tutulur.

Deputatın yanaşmasına görə, layihənin Azərbaycan üçün əsas əhəmiyyəti Naxçıvanla maneəsiz bağlantının təmin edilməsi və regional nəqliyyat əlaqələrinin praktiki şəkildə inkişaf etdirilməsidir. Bu baxımdan, siyasi bəyanatlardan daha çox real infrastrukturun qurulması və tranzit mexanizmlərinin işləməsi həlledici olacaq.

Avropada təhlükəsizlik narahatlıqları

Vüqar İskəndərov Avropada, xüsusilə Almaniyada Rusiya ilə əlaqələndirilən mümkün diversiya təhlükəsi ilə bağlı narahatlıqların artmasını da təhlil edib.

Qeyd olunub ki, hərbi obyektlər və kritik infrastruktur ətrafında şübhəli pilotsuz uçuş aparatlarının aşkarlanması təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olur. Bu proses Avropa ilə Rusiya arasında qarşıdurmanın yalnız Ukrayna cəbhəsi ilə məhdudlaşmadığını göstərir.

Çin–Tayvan qarşıdurması yeni müstəvilərdə

Deputat Çin–Tayvan münasibətlərində hərbi təzyiqlərlə yanaşı, informasiya və daxili təhlükəsizlik məsələlərinin də ön plana çıxdığını bildirib.

Təhlildə vurğulanır ki, Tayvan ətrafında gərginliyin artması ABŞ–Çin münasibətlərinə, qlobal texnologiya istehsalına və beynəlxalq ticarətə təsir göstərə bilər.

Vüqar İskəndərovun qənaətinə görə, müasir geosiyasi proseslərdə böyük güclər diplomatik danışıqları davam etdirsələr də, hərbi və iqtisadi təzyiq vasitələrindən tam imtina etmirlər. Buna görə də danışıqların başlanması hələ tərəflərin güzəştə hazır olması demək deyil.

Deputat hesab edir ki, həm Hörmüz boğazında təhlükəsizlik, həm də Cənubi Qafqazda nəqliyyat layihələrinin gələcəyi yaxın dövrdə beynəlxalq münasibətlərin əsas diqqət mərkəzində qalacaq.