Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Təyyarə ilə səyahət vətəndaş üçün əlçatan olmalıdır… – Deputat

Aviasiyanın inkişafı davamlı fəaliyyət, düzgün idarəetmə və sərnişinlərin tələbatına diqqətlə yanaşma tələb edir. Xüsusilə, münasib qiymətli aviabiletlərin sayının artırılmasını və vətəndaşlara daha geniş seçim imkanlarının yaradılmasını vacib hesab edirəm.

Yenigun.Media xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev mülki aviasiya sahəsindəki mövcud vəziyyəti, bilet qiymətlərini və sərnişinlərin tələbatlarını şərh edərkən bildirib.

“Təyyarə ilə səyahət əlçatmaz seçimə çevrilməməlidir”

Millət vəkili aviasiyanın inkişafının insanların sosial həyatına birbaşa təsir göstərdiyini vurğulayıb:

“Çünki mülki aviasiyanın inkişafı yalnız sərnişin və uçuş sayının artması ilə deyil, həm də insanların gündəlik həyatında yaratdığı imkanlarla ölçülür. Təyyarə ilə səyahət etmək sıravi vətəndaş üçün əlçatmaz bir seçimə çevrilməməlidir. İnsanlarımız ailələrinə baş çəkmək, təhsil almaq, müalicə olunmaq, işgüzar səfərlərə çıxmaq və dünyanı tanımaq üçün münasib qiymətlərlə uçmaq imkanına sahib olmalıdırlar. Bu baxımdan, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqabət mühitinin artırılması və qiymət siyasətində sərnişinlərin maraqlarının nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir”.

“Müsbət dəyişikliklər davam edəcək”

MCP başqanı qiymət siyasətinə yenidən baxılmasının və imkanların genişləndirilməsinin vacibliyini önə çəkərək fikirlərini yekunlaşdırıb:

“Ümid edirəm ki, Azərbaycan aviasiyasındakı müsbət dəyişikliklər davam edəcək, yeni istiqamətlər üzrə uçuşlar təşkil olunacaq və aviabiletlər vətəndaşlarımız üçün daha da əlçatan olacaqdır. Hazırda əlçatanlıq dedikdə yalnız məhdud sayda güzəştli biletlərin satışı başa düşülür. İnanıram ki, daha çox insanın münasib qiymətlərlə səyahət edə bilməsi üçün bu imkanlar daha da genişləndiriləcəkdir. Əminəm ki, aviasiya sahəsində görülən işlər gələcəkdə də həm Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də vətəndaşlarımızın rifahına xidmət edəcəkdir”.