Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi prosesləri təhlil edərək Yaxın Şərqdə diplomatik təmaslar, Rusiya–Ukrayna müharibəsi, İsraildəki siyasi proseslər və Avropanın iqtisadi strategiyası ilə bağlı fikirlərini bölüşüb.
Yenigun.Media xəbər verir kir ki, deputatın hazırladığı təhlildə beynəlxalq təhlükəsizlik, regional münaqişələr və Azərbaycanın strateji maraqları ön plana çıxıb.
Vüqar İskəndərovun fikrincə, Yaxın Şərqdə diplomatik səylər intensivləşsə də, bu, hələlik mümkün hərbi qarşıdurmaların qarşısının alınacağına zəmanət vermir. İran ətrafında sabitliyin qorunması Azərbaycanın milli təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Deputat Rusiya–Ukrayna müharibəsinə toxunaraq qeyd edib ki, məhdud atəşkəs təşəbbüsləri danışıqlar üçün imkan yaratsa da, davamlı sülhə nail olmaq üçün ərazi məsələləri və təhlükəsizlik təminatları ilə bağlı fikir ayrılıqları aradan qaldırılmalıdır.
İsraildəki siyasi prosesləri də dəyərləndirən İskəndərov seçkilərin nəticələrinin Yaxın Şərqdəki diplomatik münasibətlərə və regional təhlükəsizlik balansına təsir göstərə biləcəyini vurğulayıb.
Avropanın iqtisadi siyasətinə gəlincə, deputat beynəlxalq ticarət tərəfdaşlıqlarının genişləndirilməsinin və nəqliyyat marşrutlarının şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Onun yanaşmasına görə, bu proseslər Azərbaycanın Orta Dəhliz vasitəsilə Avropa ilə Asiya arasında tranzit və logistika imkanlarını genişləndirməsi üçün əlavə fürsətlər yarada bilər.
Sudandakı humanitar böhrana münasibət bildirən deputat isə beynəlxalq hüququn norma və prinsiplərinin effektiv tətbiqi ilə bağlı problemlərə diqqət çəkib. O qeyd edib ki, beynəlxalq səviyyədə səsləndirilən bəyanatlar münaqişələrin dayandırılması üçün real mexanizmlərlə müşayiət olunmalıdır.
Vüqar İskəndərovun qənaətinə görə, hazırkı qlobal proseslərdə əsas çağırış münaqişələrin genişlənməsinin qarşısını almaq, diplomatik imkanlardan səmərəli istifadə etmək və dəyişən beynəlxalq şəraitdə milli maraqları qorumaqdır.
Deputat vurğulayıb ki, Azərbaycanın nəqliyyat, ticarət və regional əməkdaşlıq sahələrində yaranan imkanlardan milli maraqlarına uyğun istifadə etməsi strateji əhəmiyyət daşıyır.
Yenigun.Media

