ABŞ hipersəs raketlərin istehsalını genişləndirməyə hazırlaşır.
Yenigun.Media xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meinke AGM-183A ARRW hipersəs raketlərinin hazırlanması proqramında dönüş nöqtəsinin əldə olunduğunu bildirib.
ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 29-da “Lockheed Martin” şirkəti ilə bu raketlərin istehsalı üçün 694 milyon dollarlıq müqavilə imzalanıb.
Meinke bildirib ki, raketlərin sınaq mərhələsindən istehsala keçirilməsi ABŞ hərbçilərini müasir hava hücumundan müdafiə və digər müdafiə sistemlərini yarmağa qadir yüksək sürətli zərbə silahları ilə təmin edəcək.
Raketlərin tədarük həcmi və müddəti barədə ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın “Castelion” startapının hipersəs raketlərin hazırlanması üçün 1 milyard dollardan çox vəsait cəlb etdiyi bildirilmişdi.

