Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar İskəndərovdan qlobal siyasətlə bağlı diqqətçəkən TƏHLİL

Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi prosesləri təhlil edərək ABŞ–İran münasibətləri, Rusiya–Ukrayna müharibəsi, İsraildə seçkilər, Rusiya–Afrika əlaqələri və Türk dünyasının inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb.

Yenigun.Media xəbər verir ki, deputatın təqdim etdiyi təhlildə beynəlxalq münasibətlərdə diplomatik danışıqların, regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın əhəmiyyəti ön plana çəkilir.

ABŞ–İran: müharibədən çıxışın şərtləri

İranın xarici işlər naziri Abbas Əraqçinin vasitəçilərlə müharibənin dayandırılması və Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı müzakirə etdikləri barədə açıqlaması diqqət çəkir.

Təhlildə qeyd olunur ki, tərəflər hərbi təzyiqi davam etdirməklə yanaşı, diplomatik danışıqlar vasitəsilə mümkün güzəştlərin şərtlərini müəyyənləşdirməyə çalışırlar. Sanksiyalar və atəşkəsə dair təminatlarla bağlı məsələlər isə hələ də həllini gözləyir.

Azərbaycan baxımından bu prosesdə regional sabitliyin qorunması, enerji marşrutlarının təhlükəsizliyi və qonşuluqda mümkün gərginliyin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.

Rusiya–Ukrayna: sülh danışıqlarında yeni mərhələ

Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmaslar da beynəlxalq gündəmin əsas mövzularındandır.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 23-də Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin noyabrın ilk yarısında Əbu-Dabidə texniki səviyyəli danışıqlar keçirməsinin razılaşdırıldığını açıqlayıb. Kiyev mümkün razılaşmada təhlükəsizlik təminatlarının vacibliyini vurğulayır.

Təhlilə görə, danışıqların başlanması tərəflərin mövqelərinin yaxınlaşması üçün imkan yaratsa da, ərazi məsələləri və gələcək təhlükəsizlik mexanizmləri əsas müzakirə mövzuları olaraq qalır.

İsraildə seçkilər: koalisiya danışıqları gündəmdə

İsraildə keçirilən seçkilərin ilkin nəticələri ölkədə yeni hökumətin formalaşdırılması məsələsini gündəmə gətirib.

İlkin hesablamalara əsasən, Benyamin Netanyahunun rəhbərlik etdiyi blok parlamentdə 53, müxalifət bloku 48 mandat əldə edib. Ərəb partiyalarının isə ümumilikdə 19 mandat qazanacağı gözlənilir. Hökuməti formalaşdırmaq üçün Knessetdə 61 mandat tələb olunur. Nəticələr yekunlaşana qədər göstəricilərdə dəyişiklik mümkündür.

Bu vəziyyət koalisiya danışıqlarını mürəkkəbləşdirir. Yeni hökumətin formalaşması prosesi İsrailin regional təhlükəsizlik, İran və Fələstin məsələləri ilə bağlı siyasətinin gələcək istiqamətləri baxımından da diqqətlə izlənilir.

Rusiya–Afrika: əməkdaşlıq imkanları genişlənir

Moskvada oktyabrın 28–29-da keçirilən Rusiya–Afrika Zirvə Görüşündə 54 Afrika ölkəsindən 48-nin nümayəndə heyətinin iştirakı planlaşdırılıb. Onlardan 22 ölkənin dövlət başçıları səviyyəsində təmsil olunacağı bildirilib.

Görüşün gündəliyində ticarət, təhlükəsizlik, ərzaq təminatı və iqtisadi əməkdaşlıq məsələləri yer alır.

Bu format Rusiyanın Afrika ölkələri ilə əlaqələrini genişləndirmək cəhdlərini, eyni zamanda Afrika dövlətlərinin beynəlxalq tərəfdaşlıqlarını şaxələndirmək imkanlarını önə çıxarır.

Türk dünyası: siyasi həmrəylikdən iqtisadi inteqrasiyaya

Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünün oktyabrın 30-da Ankarada keçirilməsi nəzərdə tutulur. Görüş çərçivəsində Türkiyənin təşkilata sədrliyi Azərbaycandan təhvil alması gözlənilir.

Gündəliyə nəqliyyat, ticarət, enerji, rəqəmsal transformasiya və müdafiə sənayesi sahələrində əməkdaşlıq daxildir. Asiya ilə Avropanı birləşdirən Transxəzər Orta Dəhlizinin inkişafı da əsas istiqamətlərdən biri kimi diqqət çəkir.

Azərbaycan üçün bu əməkdaşlıq formatı Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi, tranzit imkanlarının artırılması və iqtisadi əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Qlobal proseslərin Azərbaycan üçün əhəmiyyəti

Beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər göstərir ki, hərbi qarşıdurmalarla yanaşı, diplomatik təmaslar və iqtisadi tərəfdaşlıqlar da dövlətlərin xarici siyasətində mühüm rol oynayır. Bununla belə, danışıqların başlanması hələ sülh razılaşmasının əldə olunması demək deyil.

Azərbaycan üçün əsas istiqamətlər regional sabitliyin qorunması, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi, Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi və müstəqil xarici siyasətin davam etdirilməsidir.