Deputat son 24 saatın siyasi mənzərəsini dəyərləndirib: G20-də fikir ayrılıqları, ABŞ–Ukrayna münasibətləri və Türk dünyasının inteqrasiyası ön planda
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi proseslərlə bağlı növbəti təhlilini bölüşüb.
Yenigun.Media xəbər verir ki, deputatın 31 oktyabr 2026-cı il tarixli “Qlobal siyasi proseslərə baxışım” adlı icmalında son 24 saat ərzində beynəlxalq gündəmdə baş verən mühüm hadisələr və onların geosiyasi təsirləri diqqətə çatdırılıb.
Deputat ilk olaraq Atlantada keçirilən G20 xarici işlər nazirlərinin toplantısına toxunub. Bildirilib ki, Ukrayna və İran məsələləri ətrafında yaranan fikir ayrılıqları, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə bağlı etirazlar ənənəvi birgə foto çəkilişinin ləğvinə səbəb olub.
Vüqar İskəndərovun fikrincə, bu hadisə beynəlxalq münasibətlərdə iqtisadi qarşılıqlı asılılığın artmasına baxmayaraq, siyasi etimadın zəiflədiyini və ortaq qərarların qəbulunun çətinləşdiyini göstərir.
Təhlildə ABŞ–Ukrayna münasibətləri də xüsusi yer alıb. Qeyd olunub ki, Vaşinqtonun Ukraynaya 2,1 milyard dollarlıq hava hücumundan müdafiə raketlərinin satışını təsdiqləməsi Kiyevin müdafiə imkanları baxımından əhəmiyyətli addımdır. Bununla belə, çatdırılmanın illər çəkə biləcəyi barədə Volodimir Zelenskinin açıqlaması hərbi dəstəyin praktiki nəticələri ilə bağlı suallar yaradır.
Deputat Avropa İttifaqı ilə Kanada arasında oktyabrın 30-da Monrealda elan edilən yeni əməkdaşlıq təşəbbüsünü də şərh edib. Enerji, müdafiə, süni intellekt və kritik xammal sahələrini əhatə edən əməkdaşlığın qlobal iqtisadi münasibətlərə təsir göstərə biləcəyini vurğulayıb. Bu kontekstdə Azərbaycanın iştirak etdiyi Avrasiya nəqliyyat bağlantılarının strateji əhəmiyyətinə də diqqət çəkib.
İcmalda Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə də geniş yer ayrılıb. Ankara Bəyannaməsinin qəbul edilməsi və təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçməsi mühüm hadisələr kimi qeyd olunub. Orta Dəhlizin inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarından istifadə və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq əsas prioritetlər sırasında göstərilib.
Vüqar İskəndərovun diqqət çəkdiyi digər məsələ BMT Təhlükəsizlik Şurasında Qərbi Sahara ilə bağlı qətnamə layihələrinin qəbul edilməməsidir. Deputatın qənaətinə görə, böyük dövlətlər arasındakı rəqabət beynəlxalq təhlükəsizlik mexanizmlərinin fəaliyyətini çətinləşdirir və münaqişələrin həlli imkanlarını məhdudlaşdırır.
Deputat təhlilinin yekununda dünya siyasətində dialoq çağırışları ilə real geosiyasi rəqabətin paralel davam etdiyini vurğulayıb. O bildirib ki, müasir dövrdə iqtisadi təhlükəsizlik enerji, texnologiya və nəqliyyat marşrutları ilə sıx bağlıdır.
Azərbaycan üçün isə Türk dünyasının inteqrasiyası, etibarlı regional bağlantıların inkişafı və müstəqil xarici siyasət strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu fikirlər Milli Məclisin deputatı Vüqar İskəndərovun 31 oktyabr tarixli siyasi icmalında yer alıb.

