Annotasiya. Seyid Əzim Şirvaninin yaradıcılığı həddindən artıq çoxşaxəlidir. Lakin dahi şairin yaradıcılığında əsas yer tutan maarifçilik ideyasıdır. Seyid Əzim böyük maarifçi idi. Belə ki, onun istəyi, arzusu xalqını hər cəhətdən maairflənmiş, savadlı, dərin biliyə malik, dünyanın gəliş-gediyindən xəbəri olan, gözüaçıq görmək istəməsi idi. Özü türk dilindən başqa ərəb, fars və rus dillərini mükəmməl şəkildə bilirdi və təsadüfü deyil ki, Şamaxıda müdirlik elədiyi yeni-üsullu məktəbdə şagirdlərə rus dilini də tədris edirdi. Əslində güman etmək olar ki, Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadə türkçülük, islamçılıq və müasirlik ideyasını Seyid Əzim Şirvaninin geniş üfüqlərə ucalan işıqlı dəsti-xəttindən əxz eləmişdi, çünki məhz Seyid Əzim yeni-üsullu məktəbdə şagirdlərinə türk olduqlarını anladır, İslami dəyərləri, İslam ehkamlarını dərindən başa salır, eyni zamanda dünyanın inkişaf eləmiş xalqlarının sırasına çıxmaq üçün Avropanın ən qüdrətli yazarlarının, şairlərinin əsərlərini zəngin bir şəkildə öz dilində səsləndirən rus dilini öyrənməyi tövsiyə edirdi. Seyid Əzim Şirvani Quran hafizi idi, yəni müqəddəs Qurani-Kərimi əzbərdən oxuyur və İraqın Nəcəf şəhərində illərlə ialhiyyat dərsləri aldığına görə ərəbcə savadı heyrətamiz dərəcədə mükəmməl idi. Dahi şair maarifçilik eşqi ilə yansa da yaradıcılığının gül açan dövründə Azərbaycanda mətbuat olmadıına görə xalqa çox vacib olan mübarək fikirlərini yaya bilmirdi. Lakin 1875-ci ildə Həsən bəy Zərdabi “Əkinçi” qəzetini ərsəyə gətirəndən sonra Seyid Əzim qəzetə xalqın gözünün açılması, tərəqqi etməsi üçün tez-tez şeirlər, yazılar göndərməyə başladı. Lakin bununla bitmirdi, şair eyni zamanda əslən şamaxılı olan, lakin Tiflisdə müsəlmanca mətbuat yaratmış Ünsizadə qardaşlarının mətbu orqanlarına, “Ziya” və “Kəşkül” qəzetlərinə maarifçilik ideyalarını özündə əks etdirən mənzumələr, şeirlər göndərməyə başladı. Bu da müsəlmanca çıxan mətbu orqanlarının işıqlanmasına, daha çox sevilməsinə və mütailə edilməsinə gətirib çıxartdı.
Açar sözlər: şeir, ədəbi məclis, mətbuat, qəzet, maarifçilik
Giriş / Introduction. Görkəmli ədəbiyyatşünas, publisist-maarifçi, mütəfəkkir, tarixçi Firudin bəy Köçərli Seyid Əzim Şirvanini “Qafqaz şüərasının səramədi”, müasirləri tərəfinən isə “Şairlərin rəhbəri” adlandırmışdı. Məsələn Bakıdakı ədəbi məclis “Məcməüş-Şüəra”nın üzvüləri onu zəmanənin Füzulisi adlandırırdı. Belə ki, şairin onların ədəbi məclisinə gəlişi toy-bayrama çevrilir, təbii ki, onu yuxarı başda otuzdurur, ona bir övliya kimi hüsnü-rəğbət göstərirdilər. Məsələ burasındadır ki, bu şairlərlərə elə gəlirdi ki, Seyid Əzim Şirvani türk dünyasnının poeziya günəşi Mövlanə Füzulidən yuxusunda olduqca müəkəmməl dərslər almış və bu dərslər vasitəsilə zəmanənin misilsiz bir şairinə çevrilib. Çünki Seyid Əzimin dilindən ləl-cəvahirat, gövhər tökülürdü. Onlar dahi şairə həm də canlı xəzinə kimi baxırdılar. Əfsuslar olsun ki, “Məcmüş-Şüəra”nın Seyid Əzimlə ünsiyyətdə olmuş şairləri, bir qisminin artıq dünyalarını dəyişdiklərinə baxmayaraq, Azərbaycanda Sovet Höküməti qurulandan sonra vaxtilə bolşevizmi tərənnüm etmədiklərinə, əksinə Əli bəy Hüseynzadənin türkçülük, islamçılıq ideyası ilə köklənərəq, “Həyat”, “Füyuzat” mətbu orqanlarında türkləşməş, islamlaşmaq ideyası ilə çıxış etdiklərinə görə əlyazmaları yandırılmış, yaradıcılıqları “zərərli əsərlər” kimi təbliğ olunmuşdur. Lakin zaman gəlmiş, Azərbaycanın vətənpərvər ziyalıları onların nüfuzuna işıq tutmuş və bir çox bağlı qıfıları açaraq onların da Azərbaycan ədəbiyyatı xəzinəsinə olduqca dəyərli gövh6rlər bəxş etdiyini zühura gətirmişdir. Seyid Əzim Şirvani isə, Nizami, Nəsimi, Füzuli kimi o qədər qüdrətli bir sənətkar olmuşdur ki, sosializm ideoloqları nə qədər silkələsələr də onu Azərbaycan ədəbiyyatı xəzinəsindən çıxara bilməmişlər.
Əsas hissə / Main Part. Seyid Əzim Şirvaninin tək Şamaxı və yaxud Bakı şairləri arasında deyil, Azərbaycanın bütün bölgələrindəki ədəbi məclis üzvüləri arasında xüsusi bir hörməti var idi. Özü də onların əksəriyyəti Seyid Əzimi Həsən bəy Zərdabinin 1875-1877-ci ilərdə Azərbaycanda ilk dəfə olaraq ana dilində nəşr etdirdiyi “Əkinçi”, Səid Ünsizadənin 1879-1883-cü illərdə “Ziya”, Cəlal Ünsizadənin 1883-1891-ci illərdə nəşr etdirdiyi “Kəşkül” qəzetlərindən tanıyırdılar. Bunu da bilmək lazımdır ki, Səid və Cəlal Ünsizadələr şamaxılı idilər və Şamaxıdakı sünni məclisinin üzvüləri idi. Belə ki, Şamaxıda “Məclis” adlı yeni üsullu məktəb açan və Seyid Əzimi bu məktəbdə şəriət dərsləri verməyə dəvət edən Ünsizadə qardaşları Tiflis Zaqafqaziya Ruhani İdarəsinə ezam olunduqları üçün məktəbi Seyid Əzimin ixtiyarına verirlər və bu həmin məktəb idi ki, Azərbaycanın başqa dahi şairi Mirzə Ələkbər Sabir bu məktəbdə Seyid Əzimdən dərslər almışdı.
Bir sözlə Seyid Əzimin istər “Əkinçi”, istər “Ziya”, istər “Kəşkül” qəzetlərindəki maarifçilik ideyaları təbliğ edən çıxışları onu o zaman Qafqazın yarlıdan çox ərazisini əhatə edən Azərbaycanın bütün bölgələrində çox yaxşı tanıdıb sevdirmişdi. Belə ki, Mir Möhsün Nəvvab ona həcvlər yazmağına baxmayaraq, onun şeiriyyətinə çox yüksək dəyər verir, eyni zamanda istər qarabağlı, istər gəncəli, istərsə də başqa bölgələrin məclis üzvüləri onu Mövlanə Füzulidən sonra türk poeziyasının nəhəngi adlandırırdılar.
Təsadüfi deyil ki, Ordubaddakı “Əncümənüş-şüəra”nın rəhbəri Hacıağa Fəqir Ordubadi də onunla məktublaşır və bir-birinə mənzumələr yazırdılar. Bu məktubların bir neçəsində Fəqir Ordubadi on beş yaşlı Hüseyn Nadim Naxçıvaninin də adını çəkərək tərifləmişdi:
“Fəqir bu məktublarda Nadimin neqativ halları, ikiüzlü insanları tənqid etdiyini, şeirlərində yalançı və yaltaq insanları ifşa etdiyini qeyd edirdi. Bu hal isə S.Ə.Şirvaninin çox xoşuna gəlirdi və Hüseyn Nadimin yaradıcılıq fəaliyyətini dəyərləndirirdi” [10].
Bununla da Seyid Əzim Şirvanini öz zəmanəsindəki bütün şairlərin ağsaqqalı və müəllimi hesab etmək olar ki, hər bölgədən olan şairlər onun yaradıcılığından ilham alır və bir çox bilmədiklərini ondan öyrənirdilər.
Tədqiqatçı alim, professor Xeyrulla Məmmədov yazır:
“Seyid Əzim Şirvani bədii yaradıcılığa XIX əsrin 50-ci illərində “Seyid” təxəllüsü ilə eşq-məhəbbət tərənnüm edən şeirlərlə başlamışdır. Lakin kapitalizmin inkişafı ilə zəmanənin dəyişməsi, sosial həyatın mürəkkəbləşib, ictimai və sinfi ziddiyyətlərin kəskinləşməsi şairin dünyagörüşünə ciddi təsir göstərmişdir. Onda tərəqqi hərəkatına qoşulmaq, cəmiyyətdə gedən proseslərə müdaxilə etmək, iştirakçısına çevrilmək vəonların əks-sədasını ədəbiyyata gətirmək meylini qüvvətləndirmişdir. Beləliklə, Seyid Əzimin yaradıcılığı məhdud mövzuların çərçivəsindən çıxıb geniş ictimai məsələlərin orbitinə daxil olmuşdur. Narahat zəmanənin meydana çıxardığı əlvan problemlərə cavab vermək ehtiyacından doğaraq Seyidin yaradıcılıq dairəsi genişlənmiş, lirika ilə yanaşı, müxtəlif janrlarda satirik-didaktik, publisist pafosa malik şeirlər, öyüd və nəsihətlər, mənzum və mənsur hekayələr, təmsillər, poetik məktublar, məqalələr yazılmışdır. O, istedadının qüdrəti, əsərlərinin dərin ictimai mündəricəsinə görə müasirləri tərəfindən “Məliküş-şüəra” (şairlərin rəhbəri adlandırılmışdır” [8, s.174].
Azərbaycanda ilk dəfə “Azərbaycan ədəbiyyatı tarixi” əsərini yazan Firudin bəy Köçərli Seyid Əzim Şirvanini “Qafqaz şüərasının səramədi” adlandırmışdır.
Şair Bakı, Şuşa, Dərbənd, Gəncə, Qazax, Lənkəran, Təbriz, Ərdəbil, Şəkli şairləri ilə müntəzəm əlaqə saxlamış və öz təzkirəsində Azərbaycanın bir çox şairləri haqqında ətraflı məlumat verərək, onların bir sıra əsərlərini təzkirəyə salmışdır.
Seyid Əzim Şirvani yuxarıda qeyd olunduğu kimi Bakıya da tez-tez gələr və “Məcməüş-şüəra”nın üzvülərinin xahişi ilə həmin ədəbi məclisdə iştirak edirmiş. Bir dəfə yeddi şairin iştirak etdiyi məclisdə Əbdülxalıq Cənnəti hamıya üstün gəldiyindən Seyid Əzim ona çox yüksək qiymət vermiş və onun bu cür şairlik kəraməti ola-ola nədənsə məhşurlaşmadığına görə öz təəsüfünü bildirmişdir.
Cavad Heyət yazır: “Seyid Əzim Şirvani tədris ilə yanaşı Şamaxıda “Beytüs-Səfa” ədəbi məclisi təşkil edib Bixud, Raqib, Qafil, Zovi Zühuri və Səfa kimi şairləri bura toplamış və onlara rəhbərlik etmişdir. Seyid Əzimin başqa məclislərin şairləri, xüsusilə Bakı şairləri içərisində çox nüfuz və hörməti vardı. O tez-tez Bakıya gəlir və burada təşkil edilən şeir və ədəbi məclislərdə iştirak edirdi” [2, s.160].
Tədqiqatçı, alim Zaman Əsgərli isə bu barədə belə yazır: “Hələ XII əsrdə Xəqani başda olmaqla Şirvan şairləri ilə Xorasan və İsfahan şəhərinin müşavirəsi, XIV əsrdə Herat şairlərinin Əmir Hüseyn Hərəvi vasitəsilə Şeyx Mahmud Şəbüstəriyə mənzum məktubla müraciət etmələri və Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisini həmin məktubun cavabında yazması, XIX əsrdə Azərbaycanda yaranmış ədəbi məclislərin – “Divani-hikmət”, “Gülüstan”, “Əncüməiş-şüəra”, “Fövcül-füsəha”, “Beytüs-səfa, “Məclisi-üns”,, “Məclisi-fərəmüşan”, “Məcməüş-şüəra” və s. arasındakı ədəbi əlaqələri, Seyid Əzim Şirvaninin Ərdəbilə gedib ordakı məclis şairləri ilə tanışlığı və və öz “Təzkirə”sində onların yaradıcılığı və tərcümeyi-halı haqqında geniş məlumat verməsi ədəbi məclislər arasında sıx yaradıcılıq əlaqələrindən xəbər verir” [5, s.7].
Seyid Əzim Şirvani ilk növbədə dini-irfani bir şair idi. Hər gün bir cüz (20 səhifə) müqəddəs Quranı oxuyar, gündə beş vəqt namaz qılar, Mübarək Ramazan ayında bir ay oruc tutardı. Məlumdur ki, onun yaradıcılığında da bir sıra dini-irfani əsərlər mövcuddur. Gənc alim Mətanət Vahid şairi sufi şair kimi xarakterizə edərək yazır:
“Sufizm əsrlər boyu klassik Şərq poeziyasını yönləndirərək, yüzlərlə sənətkarın yaradıcılığının bu istiqamətdə formalaşmasına təsir göstərmişdir. Azərbaycan poeziyası da bu təsirdən yan keçməyib. XIX yüzilliyin yetirdiyi Seyid Əzim Şirvani də yaradıcılığı etibarilə sələflərinin yolunu davam etdirmiş, lirikasını klassik Şərq şeiri ənənələri əsasında yaratmış, Nizami, Xaqani, Füzuli, Rumi, Sədi, Hafiz kimi sənətkarlardan bəhrələnmişdir. Klassik poeziya ustaları şeirlərində simvollardan geniş istifadə etmiş, əsərlərini örtülü, pərdəli şəkildə təqdim edərək oxucuya düşünmək üçün bol material vermişlər. Bunun üçün hər bir sənətkar nəinki sələflərinin yaradıcılığına, eyni zamanda, dövrün ədəbi-bədii sferasına yaxından bələd olmalı, müxtəlif ədəbi cərəyanlar, bədii-fəlsəfi nəzəriyyələr haqqında ətraflı bilgiyə sahib olmalı idi. Qeyd edək ki, istənilən ədibin həyat və yaradıcılığı araşdırılarkən onu yetirən mühit, həmin dövrdəki ictimai-siyasi şərait nəzərə alınmalıdır. Çünki sənətkarın əqidəsi, dünyagörüşü, həyata fəlsəfi baxışı həm də onu formalaşdıran cəmiyyətdən asılıdır” [11].
Təzkirəçi Məhəmmədəli Tərbiyət “Məcməüş-şüəra”nın ilk rəhbəri Məhəmmədağa Cürmi haqındakı qısa məlumatında belə yazır: “O, Hacı Seyid Əzim Şirvaninin müasirlərindəndir. Yusif adlı bakılı şair (Əbdülxalıq Yusif nəzərdə tutulur) Cürminin həcvində şeirlər demiş və Seyid Əzim onun cavabında uzun şeir yazmışdır. Bu şeirlər Seyid Əzimin divanında Təbrizdə çap edilmişdir” [7, s.414].
Burda Məhəmmədəli Tərbiyət səhvə yol verir, çünki Əbdülxalıq Yusifin tədqiqatçıları bu məsələni arxiv sənədlərinə rəğmən başqa cür şərh edirlər:
“Divan ədəbiyyatmızın görkəmli nümayəndələrindən biri olan S.Ə.Şirvaninin Yusifə həsr etdiyi qəzəllər də diqqəti cəlb edir”. Deyilənə görə Seyid Əzim o dövrdə Yusifin sorağını eşidib onu görmək üçün Bakıya gəlmişdir. Şairin qəzəllərində də bu məhəbbət açıq-aydın hiss olunur. “Gəlmədi” rədifli qəzəli də bu cəhətdən səciyyəvidir.
İntizarın həddən ötdü, gülüzarım gəlmədi.
Sonrakı beytlərdə də şairin intizarı, çərxi-fələkdən şikayəti görünür:
Eylədün axır məni ey çərx, Yusifdən cüda,
Misri-könlüm təxtinə ol tacidarım gəlmədi [6].
Yusifin arxiv materialları içərisində Seyid Əzimə yazdığı bir məktubu var ki, burada Yusif Lənkərandakı ədəbi məclis “Fövcül-füsəha”nın rəhbəri Mirzə İsmayıl Qasiri həcv elədiyi üçün qınayır. Lakin bu məzəmmətlərlə yanaşı onun böyüklüyünü, ustad sənətkar olduğunu da qeyd edir. Məzəmmətlərində də o qədər səmimi, mədəni davranır ki, tənqid tərif təsiri bağışlayır. Ümumiyyətlə o dövrdə şairlərin bir-birinə yazdıqları həcvlərin əksəriyyəti bu stildədir. Bəlkə də bu böyüklük, bu humanizm onları ustad sənətkara çevirmişdi.
Seyid Əzimin qəzəllərində də Yusifdən gileyləndiyinin şahidi oluruq. Lakin bu gileyin yanında mütləq məhəbbət, səmimiyyət olur. “Olacaqsan” rədifli qəzəlində oxuyuruq:
Mən öylə bilirdim ki, mənə yar olacaqsan,
Aləmdə mənə əhli-vəfadar olacaqsan.
Eyni ümidi şairin “Dil” rədifli şeirində də görürük:
Fəraği-Yusifə oldun düçar, ey Seyyid,
Gərəkdi səbr edə bu qəmlərə peyğəmbəri dil [6].
Yuxarıda qeyd olunduğu kimi Məhəmmədəli Tərbiyət Seyid Əzim Şirvani ilə Əbdülxalıq Yusif arasındakı münasibətlərdə səhvə yol versə də, yəni Əbdülxalıq Yusifin Cürmi haqqında həcv yazmasını və Seyid Əzimin onun cavabında uzun şeir yazmasını söyləsə də, Cürminin şeirlərinin Seyid Əzimin divanında yer tutması həqiqətə uyğundur.
“Seyid Əzim Şirvani zəmanəsində fəaliyyət göstərən bütün poetik məclis üzvüləri ilə əlaqə saxlamış, onlarla məktublaşmışdır.
Seyid Əzim Şirvani bakılı şair Əbdülxalıq Yusifə hüsn-rəğbət bəsləmiş, onu şeir aləminin sultanı adlandırmış, “Məcməüş-şüəra”nın rəhbəri Məhəmmədağa Cürmini isə şeirdə peyğəmbər zirvəsinə qaldırmışdır. Əbdülxalıq Yusif də öz təzkirəsində dahi Seyid Əzimə xüsusi yer ayırmış və: Həlqeyi-silsileyi-zülfi-pərişandır bu, Baği-cənnətdə bitən sünbülü reyhandır bu, – beyti ilə başlayan ruhoxşayan qəzəlini həmin topluya daxil etmişdir” [3, s.92].
Mənbələrdə keçən bu və bunun kimi digər faktlar nəzərə alınaraq Azərbaycanda ilk dəfə “Azərbaycan ədəbiyyatı tarixi” əsərini yazan Firudin bəy Köçərlinin Seyid Əzim Şirvanini “Qafqaz şüərasının səramədi” adlandırması təsdiq edilir. Şairin Bakı, Şuşa, Dərbənd, Gəncə, Qazax, Lənkəran, Təbriz, Ərdəbil, Şəki şairləri ilə müntəzəm əlaqə saxlaması və öz təzkirəsində Azərbaycanın bir çox şairləri haqqında ətraflı məlumat verməsi, onların bir sıra əsərlərini təzkirəyə salması ədəbi məclis üzvləri arasında olan möhkəm əlaqələrin bariz nümunəsi kimi təqdim olunur. Cavad Heyətin qeydlərinə əsasən, S.Ə.Şirvaninin istedadlı müasirlərini yüksək qiymətləndirib, yaradıcılığa həvəsləndirməsinə nümunə olaraq Şamaxı şairlərinin “səramədi-dövran”, “qibleyi-irfan” adlandırdıqları, görkəmli Azərbaycanlı şair Qasım bəy Zakirin nəvəsi Abdulla bəy Asiyə həsr olunmuş qəsidəsi göstərilir:
Nə Asi, ol ki, dəri-izzətində Seyyidi-zar,
Qulamı olmaq ilə sahibi-etibar olacaq.
Nə Asi, ol ki, xəyali-rəhi-məhəbbətdən,
Könül səraçəsinə şahi-tacidar olacaq.
Səfa ilə gələcək nəzmü nəsri Şirvanə,
Görüb o nəzmiləri Zui şərmsar olacaq [2, s.159].
Seyid Əzim Şirvaninin dəsti-xəttinə poetik qəliblər elə nüfuz etmişdi ki, əlinə qələm alan kimi poetik lövhələr yaradırdı və Uca Allah tərəfindən ona elə bir şairlik kəraməti verilmişdi ki, Azərbaycanın cürbəcür bölgələrində yazıb yaradan dostlarına yazdığı məktubların hamısını nəzmlə qələmə alırdı:
“Seyid Əzimin bədii əsərləri arasında mənzum məktubları da böyük bir yer tutur. Dostlarına göndərdiyi məktubların çoxunu şeirlə yazırdı. Bu məktublarda qabaqcıl fikirləri təlqin edir, onları şeir yazmağa təşviq edirdi. Bəzən də şeirlərində nöqsanlarını düzəldərək, onları gözəl və dərin mənalı yazmağa çağırırdı. Qasirə, Asiyə və Növrəsə yazdığıməktublar bu qəbildəndir” [2, s.162].
Onu da qeyd edək ki, Doktor Cavad Heyət, Qasir deyəndə Lənkərandakı “Fövcül-Füsəha” ədəbi məclisinin rəhbəri və təşkilatçısı Mirzə İsmayıl Qasiri nəzərdə tutur. Asi Şuşadakı Mir Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fərəmuşan”ın, Növrəs isə Şuşadakı “Məclisi-Üns”ün üzvüləri idilər. “Beytüs-Səfa” isə bilavasitə Seyid Əzim Şirvaninin təşkil etdiyi və rəhbəri olduğu Şamaxıdakı poetik məclisdir.
Doktor Cavad Heyət Seyid Əzim Şirvaninin dəsti-xəttinə layiqli qiymət verib həmin kitabda onu XIX əsrin ən nəhəng qəzəl ustası kimi dəyərləndirərək belə yazır:
“Bu dövrdə qəzəl şeirinin başçısı Seyid Əzim Şirvani idi. Onun şöhrəti yalnız Şamaxıda qalmayıb bütün Azərbaycana yayılmışdı” [2, s.158].
2019-cu ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunun baş elmi işçisi Sona Xəyalın Cəfər Rəmzinin “Deyilən söz yadigardır” toplularında olan şeirlərlə bərabər onun arxivində olan şeirləri də toplayıb nəşr etdirdiyi “Deyilən söz yadigardır” kitabında xalq şairi Süleyman Rüstəmin kitab haqqında ürək sözləri verilmişdir. Süleyman Rüstəm kitab ahqqında öz fikrini bu şəkildə vurğulayır:
“Əlbəttə, “Deyilən söz yadigardır” kitabına şeirləri daxil edilmiş şairlər klassik ədəbiyyatın tanınmış nümayəndələri səviyyəsinə yüksəlməsələr də, onlar klassik ədəbi formaların bir çox sahəsində öz qələmlərini sınamış, ədəbi prosesin gedişində bu və ya digər dərəcədə iştirak etmişlər. Ona görə də bu kitaba adları və tərcümeyi-halı məlum olmayan, yaxud az məlum olan bir sıra sənətkarı daxil etməklə tərtibçi doğru hərəkət etmişdir.
Kitaba daxil olan şairlərin bir qisminin ərəb və fars dillərində də əsərləri vardır. Bu şairlərin şeirlərində Xaqani, Nizami, Nəsimi, Füzuli, Seyid Əzim poeziyasının yaxşı mənada təsiri aydın görünür” [1, s.11].
Göründüyü kimi sovetlər dönəminin ən məhşur şairlərindən biri Süleyman Rüstəm bu şairlərə yüksək qiymət verir və onların poeziyasında ən dahi klassiklərimizlə yanaşı, bir qisminin müasiri olan Seyid Əzim Şirvaninin də təsirini qeyd edir.
Çoxuna məlumdur ki, Azərbaycnın ən böyük xeyriyyəçisiHacı Zeynalabdin Tağıyev Azərbaycan klassiklərindən İmadəddin Nəsiminn və Mövlanə Füzulinin vurğunu imiş. Azərbaycanın dahi şairi Seyid Əzim Şirvani ilə bir dövrdə yaşadığı üçün isə Bakıdakı ədəbi məclis “Məcməüş-şüəra”da onunla görüşmüş və onun ürəkoxşayan əsərlərini dinləmişdi. (Ədəbiyyat tarixindən məlumdur ki, Bakıdakı ədəbi məclis “Məcməüş-şüəra” Məhəmməd Ağa Cürmü tərəfindən Seyid Əzim Şirvaninin təşəbbüsü ilə yaradılmışdı və Seyid Əzim vaxtaşırı həmin məclisin qonağı olurdu) Seyid Əzimin oğlu Seyid Cəfər nəql edirmiş ki, atam rəhmətə gedəndən sonra Hacı Zeynalabdin Tağıyev atamın ilk külliyyatını öz xərcinə Bakıda çap elətdirmək istədi, lakin senzor və ruhanilər bu işə mane oldu. (Seyid Əzim əslində mömin bir insan idi və müqəddəs Qurani-Kərim, Əhli-Beyt (S) haqqında irfani şeirləri, o cümlədən Kərbəla vaqiəsi, İmam Hüseyn əleyhəssalam, onun övladları, qardaşları haqqında qəlbszladan mərsiyələri, növhələri var idi, lakin mövhumata, xürafata, fanatizmə qarşı çıxdığı üçün münafiq ruhanilər onu sevmirdi) Bundan sonra Hacı Seyid Əzimin külliyyatını Tehrana göndərib, dar üsulla çap elətdirdi. Bir neçə dəfə Hacı atamı Bakıya dəvət eləmişdi, qonaq saxlamış və yaxşı hədiyyələr vəpulla yola salmışdı.
Mərhum alim Xeyrulla Məmmədovun XIX əsr Azərbaycan Ədəbiyyatı kitabında XIX əsrdə yaşamış klassiklərimiznin həyatı və yaradıcılığı haqqında çox dəyərli yazılar vardır. Professor Xeyrulla Məmmədov klassiklərin yaradıcılığına orijinal bir üsulda, dərin məna verərək yanaşır, eyni zamanda “Əkinçi” qəzetinin Seyid Əzim Şirvaninin yaradıcılığında ictimai pafos qazanmasını qeyd edir:
“1975-ci ildə Bakıda “Əkinçi” qəzetinin nəşrə başlanması Seyid Əzimin müasir məzmun, ictimai pafos qazanmasına, və vətəndaş kimi formalaşmasına müsbət təsir göstərdi. Şair səsini H.B.Zərdabinin səsinə qoşdu. Ədəbi fəaliyyətini qəzetin ideya istiqamətinə uyğunlaşdırdı. Maarifçilik ideyalarını poetik dildə təbliğ etməyə başladı. O, baş mühərrirə göndərdiyi bir məktubda “Rəbiül-ətfal” (Uşaqların baharı) dərsliyindəki şeirlərin “Əkinçi” ideyalarl və mövzuları ilə yaxınlıqdan söhbət açaraq yazırdı: “Öz türki lisanımızda çox asan ibrətlərlə bir türki-kitab nəzm etmişəm. Həmin kitabdan bu bir neçə əşar ki, bundan sonra yazılacaq, yazıb xidmətüvüzə irsal elədim ki, sizin qəzetinizin məzmumunda olan mətləblərə münasibdir” [8, s.173].
Seyid Əzim Şirvani ilahiyyat elmlərindən xəbərdar,müqəddəs Qurani-Kərimin bir sıra mübarək ayələrinə dərindən bələd olan, eyni zamanda İslam ehkamlarından, İslam əxlaqından çox yaxşı xəbərdar olan bir sənətkar idi. Bu da çoxuna məlumdur ki, onun yaşadığı dövrdə fırıldaqçı mollalar, yalançı din xadimləri İslam dininə adiyyatı olmayan “qanunlar” yaradır, İslam dini ilə tamamilə maariflənməmiş insanları mövhumata, xürafata sürükləyirdilər. Təbii ki, bu da öz növbəsində xalqı uçuruma yuvarlayır, zehnini kütləşdirir, korazehinləşdirirdi.
Seyid Əzim Şirvanini təbii ki, bütün bunlar çox narahat edirdi, lakin müsəlmanca mətbuatın olmadığı dövrdə şair etiraz səsini qaldıra bilmir, xalqını ayıltmaqdan ötrü vasitə tapa bilmirdi. H.B.Zərdabinin nəşr etdirməyə başladığı “Əkinçi” qəzeti isə Seyid Əzimin narahat fikirlərinin poeziya vasitəsilə üzə çıxmağına səbəb oldu və təbii ki, bu da milli təfəkkürün oyanmasına, eyni zamanda münafiqlər tərəfindən uydurulmuş saxta qanunların ifşasına meydan açdı.
Seyid Əzim Şirvaninin əsərləri Azərbaycan poetik mühitinin inkişafına müsbət təsirini göstərməkdə idi. “Fəbbül-ətfal”, “Qafqaz əhlinə xitab”, “Ruhanilik təhsili”, “Əkinçi və xan”, “Köpəyə ehsan” və başqa əsərləri o zamanın şairləri üçün elə nümunələr idi ki, onlar mövzu dərinliyini, məzmun genişliyini, eyni zamanda bədii ifadə vasitələrinin nizamını bu əsərlərdən öyrənirdilər. O dövrdə elə bir şair yox idi ki, Seyid Əzim Şirvaninin üslubu onun dəsti-xəttinə öz təsirini göstərməsin.
Çoxuna məlumdur ki, Şah ismayıl Xətaninintürk dilinə önəm verməsi ilə Azərbaycan türkcəsinin bədii yaradıcılıq örnəkləri, eyni zamanda elmi yazılar meydana çıxmağa başladı. O xalqın qarşısında vaxta qədər istər Qafqaz, istərsə də indiki İran ərzasisində yaşayan çoxsaylı türklər türk dilində çox az rusalələrlə yaxud başqa əsərlərlə taniş idilər. Türk dilinin dövlət səviyyəsinə gətirlməsi üçün Şah ismayıl Xətai ilk növbədə özü türk dilində əsərlər qələmə almağa başladı və Mövlanə Füzuli ilə birlikdə Azərbaycan ədəbi dilinin qrammatik qayda-qanunarı müəyyənləşərək ərəb dilindən sonra müsəlman-Şərqinin ən aparıcı dillərindən biri oldu.
Təzkirəçilik elmi ərəb sənətkarları arasında çox inkişaf etmişdi və bununla onlar ərəb ədəbiyyatı xəzinəsinin aparıcı simaları haqqında dəqiq məlumatlar toplayır, onların həyatını qısa şəkildə öz təzkirələrində qeyd edir, eyni zamanda onların əsərlərindən parçalar verməklə ərəb şairlərini ərəbcə müəkəmməl bilən insanların yaddaşlarına köçürürdülər.
Bütün türk dünyasının dahi şairlərindən, filosoflarından bir, dövlət xadimi Əmiri Əlişir Nəvainin tək Türküstan (Özbəkstan, Türkmənstan, Qazaxstan, Qırğızstan) üçün yaxud Azərbaycan üçün deyil, bütün türk xalqları ədəbiyyatı üçün böyük önəm daşıyırdı.
Azərbaycan türkcəsində ilk təzkirə isə XVI yüzillikdə, daha doğrusu Səfəvi dövlətinin Azərbaycan-türk mədəniyyəti üçün yandırdığı gur işıqların ətrafa yayıldığı zamanda Sadiq bəy Sadiq tərəfindən qələmə alınmışd ki, belə ki, sənətkar Əlişir Nəvainin “Məcalisün-nəfais” təzkirəsini göz önündə tutaraq, Azərbaycan ədəbiyyatı üçün çox dəyərli “Məcməüş-xəvas” təzkirəsini yaratdı.
Sadiq bəy Sadiqidən sonra isə Seyid Əzim Şirvani təzkirəçilikdə xüsusi məharət göstərmişdir ki, bu barədə mərhum alimimiz, akademik Bəkir Nəbiyev yazır:
“Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın iki yerə parçalanması nəticəsində Şimal rus əsarəti altında olsa da, nisbi inkişaf müşahidə edilməkdə idi. Bu Azərbaycanın şimal rus mədəniyyəti vasitəsilə Avropa mədəniyyətinə inteqrasiya olunması ilə bağlı idi.
Klassik ənənələrə söykənən poetik məktəblərin – xüsusi halda Seyid Əzim Şirvani məktəbinin yaranması bu məktəbin ayrılmaz əlaməti kimi Seyid Əzim Şirvani təzkirəsinin də meydana çıxmasına səbəb oldu. Öz dövrünün görkəmli şairi, maarifpərvər pedaqoqu Seyid Əzim hər vasitə ilə xalqını maarifləndirməyə çalışmış, bunun üçün bütün vasitələrdən istifadə etmişdir. Bu vasitələrdən birini də təzkirə yazmaqda görmüşdür. Təəsüf ki, şair 1883-cü ildən qələmə almağa başladığı təzkirəsini bitirə bilməmişdir.
Sadiqinin təzkirəsindən sonra Seyid Əzimin təzkirəsi türk dilində qələmə alınan, üç böyük türk ədəbiyyatını, Türkiyə, Azərbaycan və Türküstan şairlərinin həyat və faliyyətini əhatə edən zəngin bir antologiyadır. Sadiqinin təzkirəsində olduğu kimi, burada da Rum və Türküstan (Cığatay) şairlərinə nisbətən Azərbaycan şairlərinə daha çox yer verilmişdir. Bu da şübhəsiz ki, ədibin qarşıya qoyduğu maarifçi ideyalarla, öz ölkəsinin ədəbiyyat xadimlərini daha geniş tanıtmaq məsdəqi ilə bağlı idi. Tərtib edilməsində müxtəlif təzkirə, divan və cinglərdən istifadə edilmiş bu əsərdə 280-ə yaxın şairin tərcümeyi-halı və əsərlərindən nümunələr verilmişdir.
Bu təzkirədə Şərq təzkirəçünaslığında ilk dəfə olaraq bir rus şairi – Aleksandr Sergeyeviç Puşkin haqqında da məlumata rast gəlirik. Bu isə özlüyündə çox böyük bir ədəbi-mədəni hadisənin başlabğıcından – Şərq-Qərb ədəbi-mədəni inteqrasiyasının ilk rüşeymindən, mədəniyyətlər arasında doloqun başlanmasından xəbər verir” [9, s.18-19].
Sovetlər dönəmində müsəlman-Şərq ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan ədəbiyyatının bir çox sənətkarları və onların bədii külliyatının bir qismi toqallara tökülüb yandırılmış, bir qismi isə zirzəmilərdə sandıqlarda gizlədilmişdi. Lakin çox şükürlər olsun ki, Azərbaycan yenə öz müstəqilliyini qazanandan sonra bir sıra bağlı qıfıllar açıldı və öz sənətkarlarının qədrini çox yaxşı bilən xalq onlarla tanış oldu və onların yaradıcılığının nə qədər vacib olduğunu dərk elədi.
Azərbaycan ədəbiyyatının tarixindən bəs edən məsələlərdən biri də Azərbaycanda mövcud olan ədəbi məclislər idi ki, tədqiqatçı – alim Zaman Əsgərli isə bu barədə belə yazır: “Hələ XII əsrdə Xaqani başda olmaqla Şirvan şairləri ilə Xorasan və İsvəhan şəhərinin müşavirəsi, XIV əsrdə Herat şairlərinin Əmir Hüseyn Hərəvi vasitəsilə Şeyx Mahmud Şəbüstəriyə mənzum məktubla müraciət etmələri və Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisini həmin məktubun cavabında yazması, XIX əsrdə Azərbaycanda yaranmış ədəbi məclislərin – “Divani-hikmət”, “Gülüstan”, “Əncüməiş-şüəra”, “Fövcül-füsəha”, “Beytüs-səfa, “Məclisi-üns”, “Məclisi-fərəmüşan”, “Məcməüş-şüəra” və s. arasındakı ədəbi əlaqələri, Seyid Əzim Şirvaninin Ərdəbilə gedib ordakı məclis şairləri ilə tanışlığı və və öz “Təzkirə”sində onların yaradıcılığı və tərcümeyi-halı haqqında geniş məlumat verməsi ədəbi məclislər arasında sıx yaradıcılıq əlaqələrindən xəbər verir” [5, s.7].
Seyid Əzim Şirvani yuxarıda qeyd olunduğu kimi XIX əsrin ikinci yarısının ən qüdrətli şairi idi və Bakıdakı “Məcməüş-Şüəra” ədəbi məclisinin üzvüləri onu “Şairlər “Sultanı” eyni zamanda zəmanənin Füzulisi adlandırmışdır.
Təsadüfü deyil ki, sovetlər dönəminin ən məhşur şairlərindən biri Süleyman Rüstəm bu şairlərə yüksək qiymət verir və onların poeziyasında ən dahi klassiklərimizlə yanaşı, bir qisminin müasiri olan Seyid Əzim Şirvaninin də təsirini qeyd edir.
Bu da çoxuna məlumdur ki, Azərbaycan ədəbiyyatşünaslığının banisi sayılan maarifçi-publisist F.B.Köçərli (1863-1920) 35 illik ədəbi, elmi-pedoqoji fəaliyyəti nəticəsində Azərbaycan ədəbiyyatı üçün zəngin bir irs qoymuşdur. Onun ədəbi-elmi fəaliiyəti Azərbaycan ədəbiyyatının bir çox simalarını xalqa tanıtmış, ədəbiyyatsevərlər klassiklərimizin möhtəşəm əsərləri, eyni zamanda həyatı ilə yaxından tanış olmağa imkan yaratmışdır.
F.B.Köçərli sağlıqlarında bütün dünyaya səs salmış M.F.Dostayevski, L.N.Tolstoy, A.S.Puşkin, M.Y.Lermantov,A.B.Çexov, A.V.Kolstov kimi rus mütəfəkkirlərinə çox önəm vermiş, eyni zamanda onlardan bir sıra tərcümələr etmişdir.
F.B.Köçərli XIX əsrin realist rus ədiblərinin sənətkarlıq xüsusiyyətlərini, həyatı əks etdirmək yollarını yüksək qiymətləndirir, müasiri olan Azərbaycan yazıçıları haqqında məqalələrində, habelə onlara göndərdiyi məktublarındabu sənətkarlardan öyrənməyə çağırırdı. F.Köçərli vaxtilə eyni məqsədlə “Əkinçi” qəzetində məqalələr çap etdirmiş dramaturq N.Vəzirovun və onun səsinə səs vermiş S.Ə.Şirvaninin nəcib əməllərini alqışlayaraq yazırdı:
“Nəcəfbəy Vəzirov ... Qarabağ şairləri Azi, Növrəs, Katib və başqalarının mənzum əsərlərini təhlil edərək göstərir ki, onların sentimental fars poeziyasına saxta aludəçiliyinin heç bir əsası və fmərhum akadekimizaydası yoxdur. O, həmin şairlərin ünvanına məzəmmətlər yazdıraraq, Puşkini və Lermantovu nümunə göstərirdi… Nəcəfbəy Vəzirovun bu çağırışına bədii yaradıcılıq istedadı, fikir dərinliyi və nəvib hisslərin təbiiliyi ilə bütün müasirlərindən üstün olan şamaxılı şair Hacı Seyid Əzim cavab verir. Hacı Seyid Əzim ən çox Puşkinin istedadını yüksək tutur, onun böyük yaradıcılığının və hərtərəfli dühasının önündə ehtiramla baş əyir” [12].
F.B.Köçərlinin Seyid Əzim Şirvaniyə hörmət-ehtiramını mərhum akadekimiz, ədəbiyyatşünas alim Bəkir Nəbiyev xüsusilə qeyd edir:
“Zakir haqqında olduğu kimi, XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən S.Ə.Şirvani haqqında da Köçərli məhəbbətlə, həm də ətraflı bəhs etmişdir. Tədqiqatçı S.Ə.Şirvanini “cismən ölmüş olsa da, ruhən həlak olmayan” ədiblərdən hesab edir, onun adını M.F.Axundzadə adı ilə yanaşı çəkərək göstərir ki, bizim ədiblərin qədir-qiyməti nə öz vaxtlarında, nə də bizim dövrümüzdə bilinmişdir. Gələcəkdə qəflət yuxusundan ayılan millətimizin zirək və qədirşünas balaları onların unudulmuş əsərlərini çap edib yaymaqda şöhrətlərini ucaldacaqlar. Azərbaycan xalqının xoşbəxt gələcəyinə və Seyid Əzimlərin ədəbi şöhrət qazanacağına bəslədiyi dərin inam hissinin ifadəsi olmaq etibarilə Köçərli şairin qəbir daşı üzərində həkk olunmuş bu beyti xatırlatmışdır:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim” [9].
Nəticə / Conclusion. Azərbaycan ədəbiyyatı bitib-tükənməyən bir xəzinədir, ozü də elə bir xəzinədir ki, bunsuz tək Şərq ədəbiyyatını deyil, dünya ədəbiyyatını da təsəvvür eləmək mümkün deyil. Bu ədəbiyyat gözəl əxlaq, tərbiyə, yüksək mədəniyyət, zəngin mənəviyyat məktəbidir. Seyid Əzim Şirvani isə bu məktəbin ən fəal yaradıcılarından biri olmuşdur. Onun bənzərsiz yaradıcılığında humanizm, tolirantlıq xüsusi yer tutur. Onun elə təkcə oğlu Cəfərə öyüd-nəsihət şəklində qələmə aldığı şeiri nəzərdən keçirsək bu insanın bəşəriyyətin bütün elmli insanlarına qucaq açmış olduğunu görərik. Məhz bu da onun dəsti-xəttini çox güclü şəkildə işıqlandırmış, bənzərsiz etmiş və yuxarıdaki şeirində dediyi kimi həmişəyaşar edərək bütün aləmdə səsi olduğunu subuta yetirmişdir.
Ədəbiyyat / References
Vüqar Əhməd
filologiya elmləri doktoru, professor


