Azərbaycanın tarixi Zəfərinin rəmzlərindən olan Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə və rayonun kəndlərində məskunlaşma prosesi davam edir.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Şuşa rayonunda Böyük Qayıdış çərçivəsində həyata keçirilən məskunlaşmanın statistik göstəricilərini açıqlayıb.
Deputatın sözlərinə görə, indiyədək Şuşa rayonu üzrə ümumilikdə 420 ailə və ya 1579 nəfər daimi məskunlaşıb. Onlardan 377 ailə, yaxud 1411 nəfər Şuşa şəhərində yaşayır.
Bildirilib ki, rayonun Böyük Qaladərəsi kəndində 78, Kiçik Qaladərəsi kəndində isə 90 nəfər doğma torpaqlarına qayıdaraq məskunlaşıb.
Qeyd edək ki, Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Tarixi-mədəni irsin qorunması, infrastrukturun yenilənməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilir.
Məskunlaşma prosesi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq başlayıb. Növbəti mərhələdə isə II Dövlət Proqramı çərçivəsində Şuşa rayonu da daxil olmaqla azad edilmiş ərazilərdə kütləvi məskunlaşmanın həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 8 noyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına bəyan edib. Bu tarixi hadisə Azərbaycanın Zəfər salnaməsinin ən mühüm səhifələrindən birinə çevrilib.
Yenigun.Media

