Boşanma və əmlak bölgüsü mübahisəsindən istifadə edərək qadının mənzilini, avtomobilini və pulunu ələ keçirən şəxsin kassasiya şikayəti təmin edilməyib.
Yenigun.Media xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxıb.
İş materiallarına əsasən, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs 2021-ci ildə Bakı şəhərində mənzil satışı ilə bağlı ona müraciət edən şəxsin həyat yoldaşı ilə boşanma prosesində olduğunu və tərəflər arasında əmlak mübahisəsi yaşandığını öyrənib.
Daha sonra qadının etimadını qazanaraq ona ərinin mənzil və avtomobilini ələ keçirmək niyyətində olduğunu deyib. Əmlakların məhkəmə mübahisəsi başa çatanadək müvəqqəti olaraq başqa şəxslərin adına rəsmiləşdirilməsini, proses yekunlaşdıqdan sonra isə geri qaytarılacağını vəd edib.
Qadın bu vədlərə inanaraq mənzilinin başqa şəxsin adına keçirilməsinə razılıq verib. Lakin sonradan mənzil onun məlumatı və iştirakı olmadan üçüncü şəxsə 100 min manata satılıb. Satışdan əldə olunan pul qadına qaytarılmayıb.
Bununla da kifayətlənməyən şəxs qadına məxsus, bazar dəyəri 26 min manat olan “Hyundai IX-35” markalı avtomobili də əvvəlcə yaxın qohumunun adına rəsmiləşdirib, daha sonra etibarnamə əsasında satıb. Avtomobilin satışından əldə edilən vəsait də qadına verilməyib.
Bundan əlavə, mənzilin rəsmiləşdirilməsi, notariat xərcləri və məhkəmədə qadının xeyrinə qərar çıxarılmasına köməklik göstərilməsi adı ilə ondan müxtəlif vaxtlarda 9800 manat alınıb.
Nəticədə zərərçəkmiş qadına ümumilikdə 163 min 800 manat maddi ziyan vurulub.
Araşdırma zamanı məhkumun digər şəxslərə qarşı da oxşar əməllər törətdiyi müəyyən edilib. Belə ki, torpaq sahəsinə çıxarış almağa kömək etmək adı ilə bir vətəndaşdan 5000 manat, digər şəxsin qızını işə düzəltmək vədi ilə 2000 manat, avtomobil satmaq adı ilə isə 1800 manat alıb.
Birinci instansiya məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin zərərçəkmiş qadının xeyrinə 163 800 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Məhkum kassasiya şikayətində qadının mənzilinin borc alınması məqsədilə onun razılığı ilə başqa şəxsin adına keçirildiyini, mənzil və avtomobilin satışında isə yalnız vasitəçi olduğunu iddia edib.
Lakin Ali Məhkəmə bu arqumentləri əsaslı hesab etməyib.
Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayıb ki, şəxsin əmlakının başqa şəxsin adına rəsmiləşdirilməsinə könüllü razılıq verməsi həmin əmlakın sonradan onun iradəsindən kənar satılmasına və satışdan əldə olunan pulun mənimsənilməsinə razılıq verdiyi anlamına gəlmir.
Ali Məhkəmənin mövqeyinə görə, qadının razılığı əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi və sonradan geri qaytarılması barədə verilmiş vədlərə əsaslanıb. Bu səbəbdən həmin razılıq aldatma və etibardan sui-istifadə yolu ilə törədilmiş dələduzluq faktını istisna etmir.
Məhkəmə həmçinin müəyyən edib ki, məhkumun fəaliyyəti yalnız vasitəçiliklə məhdudlaşmayıb. O, mənzilin rəsmiləşdirilməsini təşkil edib, avtomobilin satışında iştirak edib və əldə olunan vəsaiti götürüb.
Beləliklə, Ali Məhkəmənin Cinayət kollegiyası məhkumun kassasiya şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb.
Qərar əmlakın könüllü şəkildə başqa şəxsin adına rəsmiləşdirilməsinin sonradan baş verən dələduzluq əməllərinə hüquqi bəraət qazandırmadığını bir daha göstərir.

