Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

2027-ci ildə sosial islahatlar başlayır: Əyyub Kərimlidən büdcə ilə bağlı mühüm açıqlama

İqtisadçı ekspert 2027-ci ilin dövlət büdcəsinin əsas istiqamətlərini özəl açıqlamasında dəyərləndirib.2027-ci ilin dövlət büdcəsi ölkənin iqtisadi siyasətində hansı prioritetlərin ön plana çıxdığını göstərir. Büdcə gəlirlərinin strukturunda qeyri-neft-qaz sektorunun payının artması, Dövlət Neft Fondundan transfertin azaldılması və yeni sosial islahat paketinin nəzərdə tutulması növbəti ilin iqtisadi gündəliyində diqqət çəkən məqamlardandır.

İqtisadçı ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əyyub Kərimli 2027-ci ilin dövlət büdcəsinin əsas göstəricilərini və qarşıdakı dövr üçün iqtisadi hədəfləri Yenigun.Media-ya açıqlamasında dəyərləndirib.

Ekspertin sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsinin gəlirləri 39,25 milyard manat, xərcləri 42,4 milyard manat, büdcə kəsiri isə 3,15 milyard manat proqnozlaşdırılır.

Büdcənin digər əsas göstəriciləri qeyri-neft-qaz gəlirləri üzrə 23,8 milyard manat, vergi daxilolmaları üzrə 18,4 milyard manat, Dövlət Neft Fondundan transfert üzrə isə 11,9 milyard manat təşkil edir.

Əyyub Kərimli hesab edir ki, büdcə gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorunun hesabına formalaşması iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Dövlət Neft Fondundan transfertin 935 milyon manat azaldılması da neft gəlirlərindən asılılığın tədricən zəiflədilməsi istiqamətində müsbət addım kimi qiymətləndirilə bilər.

Ekspert diqqətə çatdırıb ki, 2027-ci ildə dövlət büdcəsinin cari xərclərinin 90,1 faizinin qeyri-neft-qaz gəlirləri hesabına qarşılanması hədəflənir. 2030-cu ilədək bu göstəricinin 100 faizə çatdırılması isə fiskal dayanıqlılığın gücləndirilməsi baxımından mühüm məqsəddir.

Müsahibimiz maliyyə nazirinin 2027-ci ildən yeni sosial islahat paketinin həyata keçiriləcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib. Onun fikrincə, sosial islahatların əsas nəticəsi əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəlməsində özünü göstərməlidir.

“İqtisadi baxımdan əsas məsələ yalnız büdcə gəlirlərini artırmaq deyil. Eyni zamanda, dövlət vəsaitlərinin səmərəli istifadəsi, qeyri-neft iqtisadiyyatının inkişafı və ictimai maliyyə nəzarətinin gücləndirilməsi prioritet olmalıdır”, – deyə ekspert vurğulayıb.

Əyyub Kərimlinin qənaətinə görə, dövlət büdcəsinin effektivliyi onun nominal həcmi ilə deyil, ölkənin iqtisadi inkişafına və vətəndaşların rifahına verdiyi real töhfə ilə ölçülməlidir.