Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Masazırda açıq qalan qazıntı sahəsi təhlükə saçır – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində, Duz gölünün qarşısında qazıntı işləri aparılır. Lakin ərazidə təhlükəsizlik tədbirlərinin görülməməsi və qazıntı sahəsinin hasara alınmaması ciddi narahatlıq doğurur.

Patrul.az xəbər verir ki, müşahidələr zamanı məlum olub ki, qazıntı aparılan ərazidə nə qoruyucu hasar, nə də insanları mümkün təhlükə barədə xəbərdar edən hər hansı nişanlama mövcuddur. Bu vəziyyət ərazidən keçən sakinlər, xüsusilə də uşaqlar üçün ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı ərazidə çalışan şəxslərdən açıqlama almağa çalışsaq da, suallarımızı cavablandıracaq məsul şəxsi yerində tapmaq mümkün olmayıb.

Sakinləri narahat edən əsas məqam qazıntı işlərinin hansı məqsədlə aparılması və bu proses zamanı təhlükəsizlik qaydalarına niyə əməl edilməməsidir.

Aidiyyəti qurumların məsələyə münasibət bildirməsini, ərazidə müvafiq yoxlamaların aparılmasını və mümkün təhlükələrin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsini gözləyirik.