Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm  AÇIQLAMA

Sosial şəbəkələrdə və digər internet platformalarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarını hansı qaydada müdafiə edə biləcəyi, məhkəməyə müraciət proseduru və sübutların toplanması məsələləri diqqət mərkəzindədir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov Yenigun.Media-ya açıqlamasında bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir.

Hakimin sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır. Məsələn, kütləvi çıxış zamanı təhqiramiz ifadə işlədildiyi yer məlumdursa, şikayət həmin ərazi üzrə səlahiyyətli məhkəməyə təqdim olunmalıdır.

F. Axundov qeyd edib ki, media və internet informasiya ehtiyatlarında yayılan böhtan və təhqir xarakterli məlumatlarla bağlı məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinin xüsusi qaydaları mövcuddur. Bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndində izah olunub.

Belə ki, müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı məlumdursa, məhkəmə aidiyyəti, bir qayda olaraq, həmin ünvan nəzərə alınmaqla müəyyən edilir. Hüquqi ünvan məlum olmadıqda və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alındıqda isə şikayət məlumatı yaymış şəxsin Azərbaycandakı sonuncu yaşayış yeri üzrə məhkəməyə təqdim edilir.

Hakim nümunə olaraq bildirib ki, Facebook sosial şəbəkəsində şəxs barəsində böhtan xarakterli məlumat yayıldıqda, platformanın xaricdə qeydiyyata alınması nəzərə alınaraq şikayət məlumatı yaymış şəxsin Azərbaycandakı qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsinə verilməlidir. Bu halda paylaşımın fiziki olaraq Bakıda və ya başqa ərazidə edilməsi məhkəmə aidiyyətini müəyyən etmir.

Sübutlar necə toplanmalıdır?

Fuad Axundov Yenigun.Media-ya açıqlamasında məhkəməyə müraciət zamanı sübutların düzgün toplanmasının xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.

Onun sözlərinə görə, ilk növbədə, mübahisə doğuran paylaşımın mənbəyi və məzmunu qorunmalıdır. Bunun üçün paylaşımın internet keçidi, hesabın və ya kanalın adı, yayım tarixi, mətn, eləcə də video materiallar saxlanılmalıdır.

Video materiallarda mübahisələndirilən ifadənin səsləndiyi hissə dəqiq müəyyən edilməli, eyni zamanda həmin ifadənin işlədildiyi ümumi kontekst də qorunmalıdır.

Ekran görüntüləri təqdim edilərkən onların hansı tarixdə və hansı hesabdan əldə olunduğunun göstərilməsi də vacibdir. Çünki məhkəmə təqdim olunan sübutların mənbəyini, həqiqiliyini və konkret şəxsə aidiyyətini yoxlayır.

Şikayətdə hansı məlumatlar göstərilməlidir?

Hakim bildirib ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair tələblər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində müəyyən edilib.

Həmin tələblərə əsasən, şikayətdə müraciət edən şəxsin adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyəti, eləcə də şikayətə səbəb olan əməlin mahiyyəti, törədildiyi yer, vaxt və şərait göstərilməlidir. Vurulmuş ziyan varsa, bu barədə məlumat da qeyd olunmalıdır.

Bundan başqa, barəsində şikayət verilən şəxsin anket məlumatları və yaşayış yeri, əməli məhz həmin şəxsin törətdiyini təsdiqləyən məlumatlar, şahidlər, sənədlər və digər sübutlar şikayətə əlavə edilməlidir.

F. Axundov xüsusi vurğulayıb ki, böhtan və ya təhqir hesab edilən konkret ifadələrin şikayətdə dəqiq göstərilməsi mühüm əhəmiyyət daşıyır. Şikayətdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, sənədin tərtib edildiyi yer, tarix və şikayətçinin imzası da olmalıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə təhqir və böhtan xarakterli paylaşımlarla üzləşən şəxslər hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə müraciət edə bilərlər.