Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar İskəndərov: ABŞ-da siyasi balansın dəyişməsi qlobal diplomatiyada yeni hesablamalar yaradır

Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi proseslərlə bağlı növbəti təhlilini bölüşüb.

Yenigun.Media xəbər verir ki, deputatın 6 noyabr 2026-cı il tarixli “Qlobal siyasi proseslərə baxışım” adlı siyasi icmalında ABŞ, Ukrayna, İran, enerji bazarı və Rusiya-Ukrayna danışıqları ətrafında baş verən proseslərə toxunulub.

Vüqar İskəndərov bildirib ki, ABŞ-da Konqresin hər iki palatasında demokratların üstünlük qazanması Tramp administrasiyasında daxili siyasi ziddiyyətləri gücləndirib. Onun fikrincə, hazırda əsas məsələ seçki məğlubiyyətindən daha çox Trampın öz siyasi düşərgəsində vahid mövqeyi qoruyub saxlaya bilməsidir.

Deputat Ukrayna məsələsinə də toxunaraq qeyd edib ki, müharibənin başa çatması üçün yalnız atəşkəs deyil, etibarlı təhlükəsizlik təminatları da vacibdir. Onun qənaətinə görə, Kiyevin əsas gözləntilərindən biri hava hücumundan müdafiə vasitələrinin çatdırılmasının sürətləndirilməsi və müharibənin təkrarlanmasının qarşısını alacaq mexanizmlərin yaradılmasıdır.

İran ətrafında yaranmış vəziyyəti şərh edən Vüqar İskəndərov hərbi qarşıdurmanın siyasi qiymətinin artdığını vurğulayıb. O bildirib ki, ABŞ-da seçki nəticələri diplomatik imkanlar yaratsa da, tərəflərin sərt mövqeləri hərbi eskalasiya riskini aradan qaldırmır. Deputat Azərbaycanın cənub sərhədlərində sabitliyin qorunmasının strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Enerji bazarındakı prosesləri də qiymətləndirən deputat ABŞ seçkilərindən sonra İranla qarşıdurmanın yumşalacağına dair gözləntilərin neft qiymətlərinə təsir etdiyini qeyd edib. Onun fikrincə, bu vəziyyət Azərbaycan üçün enerji gəlirlərinin planlaşdırılmasında ehtiyatlı və çevik yanaşmanın vacibliyini bir daha göstərir.

Vüqar İskəndərov Rusiya və Ukrayna nümayəndələrinin ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan görüşünə də diqqət çəkib. Deputatın sözlərinə görə, mümkün danışıqlarda əsas məsələ yalnız müharibənin dayandırılması deyil, əldə ediləcək razılaşmaların icrasına təminat verilməsi olacaq.

Deputatın qənaətinə görə, ABŞ-da daxili siyasi balansın dəyişməsi qlobal diplomatiyada yeni hesablamalar yaradır. Ukrayna və İran böhranlarında təhlükəsizlik təminatları ön plana çıxır.

Vüqar İskəndərov Azərbaycanın əsas prioritetlərinin regional sabitliyin qorunması, enerji risklərinin düzgün qiymətləndirilməsi və müstəqil diplomatik mövqeyinin möhkəmləndirilməsi olduğunu vurğulayıb.