Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni Fəaliyyət Planı qəbul edib.
Yenigun.Media xəbər verir ki, sənəd noyabrın 6-da Ukraynanın Ujqorod şəhərində keçirilən Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü iclasında qəbul olunub.
Energetika naziri Pərviz Şahbazovun və Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqalın həmsədrliyi ilə keçirilən görüşdə ticarət, investisiya, enerji, nəqliyyat, texnologiya, innovasiya, təhsil və turizm sahələrində əməkdaşlıq müzakirə edilib.
Bildirilib ki, cari ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 10,5 faiz, Azərbaycanın Ukraynaya ixracı isə 17 faiz artıb. Qarşılıqlı investisiyaların ümumi həcmi 513,5 milyon dollara çatıb.
14 istiqaməti əhatə edən 2026–2027-ci illər üzrə Fəaliyyət Planı imzalanmış protokol çərçivəsində həyata keçiriləcək.
Həmçinin Azərbaycanın Ukraynaya müharibə başlayandan bəri göstərdiyi humanitar, reabilitasiya və bərpa yardımlarının ümumi həcminin təxminən 52 milyon dollar olduğu açıqlanıb.

