Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evinin yaxınlığında partlayış baş verib.
Yenigun.Media xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat daxil olub.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Araşdırma zamanı müəyyən olunub ki, yaşayış evinə bitişik, ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikilidə partlayış baş verib. Hadisə yanğınla nəticələnməyib.
Partlayış nəticəsində tikilinin dəhlizinin tavanı 4 kvadratmetr sahədə dağılıb, iki nəfər xəsarət alıb.
Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

