Tanınmış jurnalist və dizayner Arifə Əliyevanın təsis etdiyi “Arifa Ethno” brendi milli-mədəni irsimizin təbliğinə yönələn yeni kolleksiyasını təqdim edib.
Yenigun.Media xəbər verir ki, “Qarabağ” adlanan kolleksiya Zəfər Gününün altıncı ildönümünə həsr olunub.
Kolleksiyanın əsas ideyası Qarabağın zəngin tarixi və mədəni irsini müasir geyim üslubunda yaşatmaqdır. Bu məqsədlə dizayner Azərbaycanın qədim xalçaçılıq ənənələrinə, xüsusilə Füzuli xalçalarının özünəməxsus naxış və ornamentlərinə müraciət edib.
Füzuli xalçaçılıq məktəbinin xarakterik elementləri kolleksiyada geyimlər, yaylıqlar və çantaların dizaynında öz əksini tapıb. Beləliklə, əsrlərdən süzülüb gələn milli naxışlar müasir dəb üslubu ilə yeni təqdimat qazanıb.
Kolleksiyada Qarabağ atlarının obrazına da xüsusi yer ayrılıb. Azərbaycan xalqının milli-mədəni irsinin rəmzlərindən sayılan bu atların zərifliyi, dözümlülüyü və çevikliyi dizayn konsepsiyasının mühüm elementlərindən birinə çevrilib.
Arifə Əliyeva qədim ornamentlərin özünəməxsusluğunu qorumaqla yanaşı, onları müasir auditoriyaya fərqli formada təqdim etməyə üstünlük verib. “Qarabağ” kolleksiyası milli irsin yalnız qorunmasının deyil, həm də gündəlik həyatın və müasir dəbin bir hissəsinə çevrilməsinin nümunəsidir.
Qeyd edək ki, “Qarabağ” kolleksiyası “Arifa Ethno” brendinin sayca altıncı layihəsidir. Brend bundan əvvəl “Xurcun”, “Şah Göl”, “Simurq”, “Qobustan” və “Payız” kolleksiyalarını təqdim edib.

