Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Arzuxan Əlizadə: Şuşa görüşü Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki ölkə arasındakı strateji müttəfiqliyin növbəti nümayişi kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlamasında bildirib ki, bu səfər həm siyasi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, Şuşa Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin və ərazi bütövlüyünün rəmzidir. Türkiyə Prezidentinin məhz Zəfər Günündə bu şəhərə səfər etməsi qardaş ölkənin Azərbaycanın haqlı mövqeyinə verdiyi siyasi dəstəyin növbəti ifadəsidir.

Arzuxan Əlizadə qeyd edib ki, səfərdən əvvəl Azərbaycan-Türkiyə münasibətlərində guya gərginlik və fikir ayrılıqlarının mövcudluğu ilə bağlı müxtəlif müzakirələr aparılsa da, dövlət başçılarının Şuşada görüşü və səsləndirdikləri mesajlar bu iddiaların əsassız olduğunu göstərib.

Deputat vurğulayıb ki, dövlətlər arasında ayrı-ayrı məsələlərlə bağlı fikir mübadiləsinin aparılması təbiidir. Lakin Azərbaycan və Türkiyəni birləşdirən tarixi qardaşlıq, ortaq maraqlar, strateji hədəflər və qarşılıqlı etimad istənilən müvəqqəti fikir ayrılığından daha güclüdür.

O bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcəkdə daha da möhkəmləndirilməsi üçün siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi vacibdir. Xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması, Orta Dəhlizin imkanlarının artırılması, qarşılıqlı investisiyaların təşviqi və müdafiə sənayesi sahəsində birgə layihələrin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir.

Arzuxan Əlizadə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinin də xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycan və Türkiyə yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə türk dünyasının siyasi və iqtisadi potensialının artırılmasında da mühüm rol oynayırlar.

Deputat Ərdoğanın Şuşada Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı səsləndirdiyi mesajlara da münasibət bildirib. O qeyd edib ki, regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın legitim maraqlarına hörmətlə yanaşmalı və regional kommunikasiyaların açılması istiqamətində konstruktiv mövqe nümayiş etdirməlidir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması regionun iqtisadi potensialının genişlənməsinə və yeni nəqliyyat əlaqələrinin formalaşmasına mühüm töhfə verə bilər.

Arzuxan Əlizadə hesab edir ki, Ərdoğanın Şuşaya səfəri Türkiyənin Cənubi Qafqazdakı rolunu və Azərbaycanın regionda artan mövqeyini bir daha gündəmə gətirib. Deputatın fikrincə, iki qardaş ölkənin birgə fəaliyyəti regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm amildir.

Deputat fikirlərini belə yekunlaşdırıb: Azərbaycan-Türkiyə münasibətləri müvəqqəti siyasi müzakirələrdən və kənar təsirlərdən asılı deyil. Bu birlik tarixi, milli maraqları və strateji hədəfləri özündə birləşdirən möhkəm müttəfiqlikdir.

Yenigun.Media