“Müştəriyəm, şikayətim var” səhifəsində Sevinc İbrahimzadənin Bakcell və KATV1 internet xidmətləri ilə bağlı narazılığı diqqət çəkib.
Yenigun.Media-nın məlumatına görə, şikayətçi paylaşımında hər iki provayderin internet xidmətinin keyfiyyətindən narazı olduğunu bildirib. Onun sözlərinə görə, Bakcell şəbəkəsindən nə tıxacda, nə də evdə normal istifadə etmək mümkündür.
Sevinc İbrahimzadə internetin tez-tez işləməməsindən, xidmət keyfiyyətinin aşağı olmasından və müştəri xidmətlərinə müraciət zamanı qarşılaşdığı çətinliklərdən şikayət edib.
O, həmçinin internet paketlərinin ödənişinin gecikməsi zamanı xidmətin dərhal dayandırıldığını, lakin abonentlərin internetdən yararlana bilmədiyi hallarda müvafiq güzəştlərin tətbiq olunmadığını vurğulayıb.
Şikayətçi KATV1-in müştəri xidmətlərinin qaynar xəttində dəfələrlə eyni musiqinin səsləndirilməsindən narazılığını ifadə edərək, müraciətlərə operativ münasibət göstərilməsini istəyib.
Sevinc İbrahimzadə paylaşımında vəziyyətə ironik yanaşaraq yazıb: “Nəysə, mən Marsda yaşamıram ki, şəbəkə tutmasın. Varlıq içində yoxluq niyə yaşadırsınız?!”
Məsələ ilə bağlı Bakcell və KATV1-in mövqeyini öyrənməyə hazırıq.


