Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Atasının ölümünə səbəb olan sürücüyə verilən həbs cəzası şərti ilə əvəzləndi

Bakı Apellyasiya Məhkəməsi Pirşağıda ölümlə və xəsarətlərlə nəticələnən ağır yol qəzası törətmiş sürücü barəsində qərar verib.

Yenigun.Media xəbər verir ki, məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan sürücünün apellyasiya şikayətlərini təmin edib.

Hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad–Pirşağı şossesində baş verib.

Belə ki, “Kia Rio” markalı avtomobili idarə edən sürücü yaşayış məntəqəsində müəyyən edilmiş 60 km/saat sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında hərəkət edən avtomobili ötmək məqsədilə bütöv xətti pozaraq əks hərəkət zolağına çıxıb və qarşıdan gələn “Skoda Rapid” markalı avtomobillə toqquşub. Zərbədən sonra “Kia Rio” yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində “Kia Rio”da sərnişin olan sürücünün atası aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sərnişinlər də xəsarət alıblar.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmişlər hökmdən apellyasiya şikayəti veriblər. Şikayətlərdə məhkumun törətdiyi əməldən peşman olduğu, zərərçəkmişlərlə barışdığı və dəymiş ziyanı ödədiyi bildirilib. Zərərçəkmiş tərəflər də məhkumdan şikayət və tələblərinin olmadığını, onun həbs edilməsini istəmədiklərini qeyd ediblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq məhkumun əvvəllər məhkum olunmamasını, zərərçəkmişlərlə barışmasını və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Məhkəmə kollegiyası onun azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkün olduğu qənaətinə gəlib və Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub. Məhkumun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.