Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar Əhməd: “Elə tərifləyir, deyirsən, indi efirə Hyuston çıxacaq”

“Bəzən aparıcı verilişdə ifaçını elə təqdim edir, elə tərifləyir, elə bilirsən, verilişə yəqin hansısa dünya ulduzu, Hyuston gəlir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış şair, professor Vüqar Əhməd deyib.

O, aparıcılarla bağlı iradlarını səsləndirib:

“Aparıcılar bəzən efirdə ifaçını o qədər tərifləyirlər ki, elə bilirsən, hansısa dünya ulduzu gəlir. Sonra görürsən, heç səsi yoxdur, deton oxuyur, heç düz-əməlli tanımırsan kimdir. Ola bilər, fəxri adı da tanışlıqla, hansısa yollarla alıb. Amma o adamın sənətə aidiyyəti belə yoxdur. Deyirlər e, nehrə yağının reklama ehtiyacı yoxdur. Əsl sənətkar da elədir, təvazökar olur. Sənəti olmayanlar isə özləri aparıcıya deyir ki, məni belə təqdim et. O aparıcıların çoxu da toylara tamada gedir, buna görə o müğənnilərə efirdə “yalmanırlar”. Pafoslu təriflər yağdırırlar ki, onların sayəsində toylara getsinlər. Baxırsan, heç nitq mədəniyyəti, danışıq qabiliyyəti yoxdur, amma 2-3 minə toyda aparıcılıq edir. Sənətkar ayda, ildə bir dəfə seçim edərək efirə çıxır, amma o sənəti olmayanlar hər gün efirdədirlər, xalqın əsəblərini korlayırlar. Bir dostum var idi, rəhmətlik, ən zəif oxuyan haqqında dedi ki, ən güclü ifaçı odur. Dedim, nə danışırsan? Dedi, axı hər gün efirdədir, toylara da onu çox aparırlar. Hər gün efirdə olmaq o demək deyil ki, o, sənətkardır”.