Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Arzuxan Əlizadə: “Dublin səfəri Azərbaycanın beynəlxalq siyasi mövqeyini bir daha təsdiqlədi”

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə toplantısında iştirakı, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü və Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasətində mühüm hadisələr kimi qiymətləndirilir.

Səfərin siyasi nəticələri, Azərbaycan-Ermənistan sülh prosesi və Avropa ilə münasibətlərin gələcək perspektivləri barədə Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlama verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və müstəqil xarici siyasət kursunun növbəti təzahürüdür. Hesab edirəm ki, bu səfər həm Azərbaycan-Avropa münasibətləri, həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyi baxımından mühüm əhəmiyyət daşıyır.

İlk növbədə, Azərbaycanın sammit çərçivəsində Avropa təhlükəsizliyinin əsas prinsipləri, miqrasiya və narkotiklərlə mübarizə ilə bağlı üç sənədə qoşulmamasını ölkəmizin prinsipial və düşünülmüş siyasi mövqeyi kimi qiymətləndirmək lazımdır. Avropa Siyasi Birliyi qeyri-formal dialoq platformasıdır və Azərbaycanın burada iştirakı əlavə siyasi və hüquqi öhdəliklər götürmək deyil, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyır. Həmin sənədlərin müəyyən əlavə öhdəliklər yaratması fonunda Azərbaycanın onlara qoşulmaması tamamilə əsaslandırılmış qərardır. Bu, ölkəmizin Avropa ilə əməkdaşlıqdan imtinası deyil, milli maraqlarını və suveren qərarvermə hüququnu qorumaq prinsipidir.

Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünə gəldikdə isə, bunu Azərbaycan-Ermənistan sülh prosesində siyasi dialoqdan praktiki əməkdaşlıq mərhələsinə keçidin davamı kimi qiymətləndirirəm. Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Dublində keçirilən görüşün əsas diqqət mərkəzində nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticarət münasibətləri, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri dayanıb. Xüsusilə TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin müzakirəsi mühüm məqamdır. Ermənistan istiqamətində Azərbaycan ərazisindən yük daşımalarının həyata keçirilməsi də praktiki əməkdaşlığın artıq müəyyən nəticələr verdiyini göstərir. Bu prosesdə əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, regional kommunikasiyaların açılmasının qarşılıqlı maraqlar və suverenlik prinsipləri əsasında təmin edilməsidir. Sülh yalnız siyasi bəyanatlarla deyil, konkret addımlar və qarşılıqlı etimadla möhkəmlənə bilər.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə səfərin ən mühüm ikitərəfli siyasi nəticələrindən biridir. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Böyük Britaniya Azərbaycanın enerji sektorunun əsas investorlarından biridir və bu əməkdaşlığın bərpaolunan enerji, yaşıl texnologiyalar, infrastruktur, nəqliyyat-logistika sahələrində genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur. Eyni zamanda, müdafiə və təhlükəsizlik, sərhəd mühafizəsi, hüquq-mühafizə sahəsində əməkdaşlıq, süni intellekt, rəqəmsallaşma və təhsil istiqamətlərinin sənəddə əks olunması tərəfdaşlığın çoxşaxəli xarakter daşıdığını göstərir. Xüsusilə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rol və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Böyük Britaniya ilə münasibətlərin strateji əhəmiyyətini daha da artırır.

Dublində keçirilən görüşlərin Avropa İttifaqı ilə münasibətlərə təsirinə gəldikdə, düşünürəm ki, bu səfər Azərbaycanla Avropa arasında siyasi dialoqun və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsinə müsbət töhfə verəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında və regional sabitliyin təmin olunmasında mühüm tərəfdaşdır. Avropa ölkələri də anlamalıdırlar ki, Azərbaycanla münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və beynəlxalq hüququn prinsipləri əsasında qurulmalıdır. Ölkəmiz heç bir siyasi təzyiq və birtərəfli yanaşma olmadan, öz milli maraqlarına uyğun şəkildə bütün tərəfdaşlarla əməkdaşlıq etmək niyyətindədir. Avropa Siyasi Birliyi çərçivəsində aparılan müzakirələr də bu dialoqun inkişafı üçün əlavə siyasi imkanlar yaradır.

Ümumilikdə, hesab edirəm ki, Dublindəki səfərin ən mühüm siyasi nəticəsi Azərbaycanın həm Avropa ilə münasibətlərdə, həm də Cənubi Qafqazda gedən proseslərdə müstəqil qərar qəbul edən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və regional gündəliyin formalaşmasında iştirak edən dövlət kimi mövqeyinin bir daha təsdiqlənməsidir. Bir tərəfdən Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi, digər tərəfdən Ermənistanla sülh gündəliyi üzrə praktiki məsələlərin müzakirəsi Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Ən vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə özünü yalnız regional proseslərin iştirakçısı kimi deyil, həm də həmin proseslərə təsir göstərən və yeni əməkdaşlıq imkanları yaradan mühüm siyasi aktor kimi təsdiqləyir.