Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Sahibkarlara şad xəbər: Dövlət kredit faizlərinin 50%-ni, ixrac xərclərinin isə 73%-ni ödəyəcək

Azərbaycanda sahibkarlığın inkişafı, regionlarda biznes fəallığının artırılması və qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi istiqamətində yeni dəstək mexanizmləri nəzərdə tutulur.

Yenigun.Media xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqladığı yeni təşəbbüslər sahibkarların maliyyə və əməliyyat xərclərinin azaldılmasını, yerli istehsalın stimullaşdırılmasını hədəfləyir.

İqtisadçı Əyyub Kərimli məsələ ilə bağlı qiymətləndirməsində bildirib ki, nəzərdə tutulan mexanizmlər düzgün tətbiq olunacağı təqdirdə ölkə iqtisadiyyatının inkişafına, investisiya fəallığının yüksəlməsinə və ixrac potensialının genişlənməsinə müsbət təsir göstərə bilər.

Yeni dəstək mexanizmlərinə əsasən:

  • Bakı və Abşeron yarımadasından kənarda sahibkarlıq kreditləri üzrə faizlərin 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq;
  • Kredit zəmanətləri limitinin 20 faizdən 50 faizə çatdırılması nəzərdə tutulur;
  • İxracatçıların nəqliyyat xərclərinin 73 faizə qədərinin kompensasiya edilməsi planlaşdırılır;
  • 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.

Əyyub Kərimlinin fikrincə, kredit faizlərinin subsidiyalaşdırılması sahibkarların maliyyə yükünü azaldaraq yeni investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradacaq. Xüsusilə regionlarda istehsal müəssisələrinin yaradılması və mövcud biznes subyektlərinin genişləndirilməsi üçün əlavə imkanlar formalaşacaq.

İqtisadçı hesab edir ki, elektrik şəbəkəsinə qoşulma və nəqliyyat xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması istehsalın maya dəyərinin aşağı salınmasına, yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edə bilər.

O, həmçinin yeni mexanizmlərin regionlarda iqtisadi fəallığın artmasına, Bakı və Abşeron yarımadasında iqtisadi təmərküzləşmənin azalmasına, yeni iş yerlərinin açılmasına və əhalinin gəlirlərinin yüksəlməsinə töhfə verə biləcəyini vurğulayıb.

Əyyub Kərimli qeyri-neft-qaz ixracı ilə bağlı göstəricilərə də diqqət çəkib. Onun qeyd etdiyi məlumatlara əsasən, cari ildə bu sahədə ixrac 3,6 milyard dollara çatıb və bunun 61 faizini sənaye məhsulları təşkil edib. İlin sonuna qədər qeyri-neft-qaz ixracının 4,2 milyard dolları ötəcəyi proqnozlaşdırılır.

İqtisadçının qənaətinə görə, yeni dəstək mexanizmlərinin tətbiqi özəl investisiyaların artmasına, ixracın şaxələndirilməsinə və regionlarda dayanıqlı məşğulluğun genişlənməsinə şərait yarada bilər.

Bununla yanaşı, Əyyub Kərimli dövlət dəstəyinin real iqtisadi nəticələrlə müşayiət olunmasının vacibliyini qeyd edib. Onun fikrincə, güzəştlərin səmərəliliyi yaradılan yeni iş yerləri, istehsal həcmi, əlavə dəyər və ixrac göstəriciləri əsasında qiymətləndirilməlidir.

İqtisadçı hesab edir ki, sahibkarlara göstərilən dövlət dəstəyi yalnız biznesə maliyyə yardımı deyil, həm də ölkənin gələcək iqtisadi artımına yönəlmiş investisiya siyasətidir.

Qeyd edək ki, bu fikirlər iqtisadçı Əyyub Kərimlinin 2027-ci ilin dövlət büdcəsi çərçivəsində açıqlanan sahibkarlığa dəstək tədbirlərinə dair şərhində yer alıb.