Ukrayna pilotsuz uçuş aparatlarının Krım körpüsünə zərbə endirməsindən sonra ərazidə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Yenigun.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kerç boğazı üzərində yerləşən, uzunluğu 19 kilometr olan körpüdə qeydə alınıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov körpüyə dəymiş ziyanın ciddi olmadığını bildirib. Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov isə daha əvvəl hərəkətin məhdudlaşdırıldığını açıqlamışdı.
Qeyd edək ki, Krım körpüsü Rusiya ərazisi ilə Krım yarımadası arasında mühüm avtomobil və dəmir yolu əlaqəsini təmin edir.
Körpü 2022-ci ildən bəri bir neçə dəfə hücumlara məruz qalıb. Son hadisə Rusiya-Ukrayna müharibəsi fonunda bölgədə nəqliyyat və logistika təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

