Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Məzahir Əfəndiyev: 2027-ci ilin dövlət büdcəsində DİM hədəflərinə 14 milyard manatdan çox vəsait ayrılır

Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Büdcə xərclərinin sosial rifahın yüksəldilməsi, iqtisadi artımın təmin edilməsi, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dayanıqlı inkişaf hədəfləri ilə uzlaşdırılması istiqamətində yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Məzahir Əfəndiyev 2027-ci il dövlət büdcəsi layihəsində Dayanıqlı İnkişaf Məqsədlərinin nəzərə alınması ilə bağlı məqalə ilə çıxış edib.

Deputat bildirib ki, dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində, makroiqtisadi sabitliyin qorunmasında və strateji hədəflərin maliyyə təminatında mühüm rol oynayır. Onun sözlərinə görə, 2027-ci ilin büdcə layihəsi dövlət maliyyə idarəçiliyinin prinsiplərinə uyğun hazırlanıb və aidiyyəti qurumlarda geniş müzakirə olunub.

Məzahir Əfəndiyev diqqətə çatdırıb ki, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq göstəriciləri də müsbət dinamika nümayiş etdirir. 2026-cı il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən, Azərbaycan 74,31 balla 169 ölkə arasında 52-ci yerdə qərarlaşıb.

Deputatın açıqlamasına görə, büdcə xərclərinin DİM-lərlə əlaqələndirilməsi istiqamətində mühüm institusional islahatlar həyata keçirilib. Hazırda təhsil, səhiyyə, sosial müdafiə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə nəzərdə tutulan 14 milyard manatdan çox vəsait birbaşa Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilib.

O qeyd edib ki, 2027-ci ildən etibarən büdcə xərclərinin DİM-lər üzrə qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi, həm birbaşa, həm də dolayı təsirlərin nəzərə alınması planlaşdırılır. Bu yanaşma dövlət vəsaitlərinin səmərəliliyinin artırılmasına və ayrılan maliyyənin dayanıqlı inkişaf hədəflərinə verdiyi töhfənin daha sistemli qiymətləndirilməsinə imkan yaradacaq.

Məqalədə kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində iqlim dəyişiklikləri ilə mübarizəyə ayrılan vəsaitlərin əhəmiyyəti də vurğulanıb. Bildirilib ki, bu istiqamətdə görülən tədbirlər Azərbaycanın yaşıl iqtisadiyyat və ekoloji təhlükəsizlik siyasətinin tərkib hissəsidir.

Deputat, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin 2027-ci ildə də dövlət büdcəsinin əsas prioritetləri sırasında qalacağını qeyd edib. Onun fikrincə, bölgənin iqtisadi dövriyyəyə inteqrasiyası, müasir infrastrukturun qurulması və Böyük Qayıdış Dövlət Proqramının icrası üçün maliyyə təminatının davam etdirilməsi ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Məzahir Əfəndiyev hesab edir ki, 2027-ci ilin dövlət büdcəsində Dayanıqlı İnkişaf Məqsədlərinin iqtisadi və sosial prioritetlərlə uzlaşdırılması Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirilmiş milli inkişaf hədəflərinin reallaşdırılmasına əlavə imkanlar yaradacaq.

Yenigun.Media