Azərbaycanda kiçik sahibkarların və ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların satış imkanlarının genişləndirilməsi üçün vahid dövlət proqramının yaradılması təklif olunur.
Yenigun.Media-nın məlumatına görə, Milli Məclisin deputatı Razi Nurullayev 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında kiçik istehsalçıların qarşılaşdığı əsas problemlərdən birinin məhsul -istehsalından daha çox onun satış bazarına çıxarılması olduğunu bildirib.
Deputatın sözlərinə görə, ölkədə süd və pendirdən bala, mürəbbəyə, quru meyvəyə, konservə, tekstilə və digər məhsullara qədər geniş istehsal potensialı mövcuddur. Lakin kiçik sahibkarların böyük supermarketlərə çıxış, rəf əldə etmək, qablaşdırma, sertifikatlaşdırma, saxlama və daşınma imkanları məhduddur.
Razi Nurullayev hesab edir ki, kiçik istehsalçıların bazara çıxış problemi iqtisadi siyasətin ayrıca istiqamətinə çevrilməlidir.
O, bununla bağlı bir sıra təkliflər səsləndirib. Deputat ilk növbədə dövlət satınalmalarında kiçik yerli istehsalçıların iştirak imkanlarının genişləndirilməsini, məktəb, xəstəxana və uşaq bağçaları üçün keçirilən satınalmaların mümkün hallarda daha kiçik lotlara bölünməsini təklif edib.
Bununla yanaşı, supermarket şəbəkələri ilə kiçik istehsalçılar arasında münasibətlərdə şəffaflığın artırılmasının, ödəniş intizamının gücləndirilməsinin və yerli məhsullar üçün xüsusi satış bölmələrinin yaradılmasının vacibliyini vurğulayıb.
Deputat sertifikatlaşdırma, laboratoriya müayinəsi və qablaşdırma xərclərinin kiçik sahibkarlar üçün ciddi maneə olduğunu da diqqətə çatdırıb. O, mikro və kiçik sahibkarlara bu xidmətlər üzrə dövlət dəstəyinin göstərilməsini, regionlarda ümumi istifadə üçün qablaşdırma və sertifikatlaşdırma mərkəzlərinin yaradılmasını təklif edib.
Razi Nurullayevin digər təklifləri rəqəmsal satış imkanlarının genişləndirilməsi, aqrologistika və soyuducu anbar sistemlərinin kiçik istehsalçıların ehtiyaclarına uyğunlaşdırılması ilə bağlı olub.
Deputat bütün bu istiqamətlərin 2027-ci ildən etibarən “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı” adı altında vahid dövlət proqramında birləşdirilməsini təklif edib.
O bildirib ki, ölkədə 40-50 min kiçik istehsalçının fəaliyyət göstərməsi və onların hər birinin orta hesabla 10 nəfəri işlə təmin etməsi potensial olaraq 400-500 min iş yeri deməkdir.
Razi Nurullayev 2027-ci ilin, mümkün olmadığı təqdirdə isə 2028-ci ilin dövlət büdcəsində proqram üçün ayrıca maliyyə mexanizminin nəzərdə tutulmasını, icraya məsul qurumların müəyyənləşdirilməsini və konkret nəticə göstəricilərinin təsdiqlənməsini istəyib.
Deputat aidiyyəti dövlət qurumlarına müvafiq proqramın hazırlanması və nəticələrinin Milli Məclisə təqdim edilməsi barədə tapşırıq verilməsini də təklif edib.
O vurğulayıb ki, iqtisadi uğur yalnız istehsal olunan məhsulun həcmi ilə deyil, onun nə qədərinin satılması, istehsalçının əldə etdiyi gəlir və yaradılan iş yerlərinin sayı ilə də ölçülməlidir.
“İstehsalçını yalnız istehsala təşviq etmək kifayət deyil, onun məhsulunu satmasına da şərait yaratmalıyıq. Dövlətin dəstəyi məhsulun istehsalından başlayaraq alıcıya çatmasına qədər davam etməlidir”, – deyə deputat qeyd edib.
Yenigun.Media

