Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamda rəsmi səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və diplomatik əlaqələrin inkişafı, strateji tərəfdaşlığın möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin Vyetnama səfərinin əhəmiyyəti və Azərbaycan-Vyetnam münasibətlərinin perspektivləri ilə bağlı Yenigun.Media-ya açıqlama verən Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Vyetnam Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan ölkələrdən biridir.

Deputatın sözlərinə görə, sovet dövründə minlərlə vyetnamlı tələbənin Bakıda, o cümlədən Bakı Neft Universitetində təhsil alması iki xalq arasında müsbət münasibətlərin formalaşmasına mühüm təsir göstərib.
“Bu insan amili ölkələrimiz arasındakı münasibətlərin dinamikasına çox müsbət təsir edir. Həmin tələbələr, bir qayda olaraq, öz ölkələrində yüksək vəzifələrdə çalışırlar. Onlarda Azərbaycan haqqında çox müsbət təəssürat yaranıb və onlar Azərbaycanı hər zaman dəstəkləyirlər”, – deyə deputat qeyd edib.
Fariz İsmayılzadə Vyetnamın son onilliklərdə keçdiyi inkişaf yoluna da diqqət çəkib. O bildirib ki, Vyetnam artıq keçmişdə formalaşmış kasıb ölkə obrazından xeyli uzaqlaşıb və sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoyub.
Deputatın sözlərinə görə, xüsusilə son 30 ildə ölkəyə böyük həcmdə investisiyalar cəlb edilib, yeni müəssisələr açılıb, sənaye inkişaf edib. Vyetnamın müəyyən mənada Çin modelinə uyğun inkişaf yolu seçdiyini bildirən İsmayılzadə bu ölkəni Azərbaycan üçün də cəlbedici bazar kimi dəyərləndirib.
O vurğulayıb ki, iki ölkə arasında investisiyaların artırılması, nəqliyyat dəhlizlərindən istifadə, yeni biznes imkanlarının yaradılması, təhsil və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi mühüm perspektivlər vəd edir.
Deputat Vyetnamla turizm əlaqələrinin inkişafının da əhəmiyyətini qeyd edib. Bildirib ki, həm vyetnamlı turistlərin Azərbaycana səfərləri, həm də azərbaycanlı turistlərin Vyetnama marağının artması iki ölkə arasında əlaqələrin genişlənməsinə şərait yaradır. Yeni marşrutların və aviareyslərin açılması, diplomatik nümayəndəliklərin fəaliyyəti də bu prosesə müsbət təsir göstərən amillərdəndir.
Fariz İsmayılzadə Azərbaycanın Vyetnamda səfirliyinin fəaliyyət göstərdiyini, Vyetnamın da Azərbaycanda səfirlik açmasının gözlənildiyini diqqətə çatdırıb.
Onun fikrincə, Azərbaycan Vyetnam, Laos və Kamboca ilə yüksək səviyyəli təmaslar vasitəsilə Cənub-Şərqi Asiya regionunda əlaqələrini genişləndirməyə və mövqelərini gücləndirməyə çalışır. Bu münasibətlər beynəlxalq platformalarda və təşkilatlarda ölkəmizə əlavə dəstək imkanları yarada bilər.
Deputat bəzi ölkələrin Frankofoniya təşkilatına üzvlüyünün də beynəlxalq platformalarda əməkdaşlıq baxımından əhəmiyyət daşıdığını bildirib. O, Vyetnamın Qoşulmama Hərəkatının fəal üzvü olduğunu xatırladaraq, bu platformada da Azərbaycanla əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb.
Fariz İsmayılzadənin sözlərinə görə, Vyetnamla münasibətlərin siyasi, iqtisadi, təhsil, turizm və digər istiqamətlərdə genişlənməsi Azərbaycanın xarici siyasətinə yeni dividendlər qazandıra bilər.

