Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar Əhməddən Ayaz Salayevin xalq mahnılarında erotik məzmun iddiasına etiraz

“Uzun sözün qısası” podkastının qonağı olan kinorejissor, kinoşünas və ssenarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib ki, Azərbaycan xalq mahnılarıda erotik məzmunlu ifadələrə rast gəlinir.

O, buna nümunə olaraq “Küçələrə su səpmişəm” mahnısının “Dolayı gəl, dolayı, həsri basma, dolan gəl, yar gələndə toz olmasın” misralarını göstərib.

Kinoşünas deyib ki, erotik motivlər əksər Azərbaycan xalq nağıllarında və miniatür sənətində də geniş yer alıb.

Azərbaycan ədəbiyyatında bu cür motivlər xalqın mənəvi və poetik düşüncəsində hansı yeri tutur?

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ayaz Salayev gənclik illərində yaxşı retro veriliş aparıcısı olub, istedadlı kinoşünas və rejissordur. Onun filmlər çəkdiyini və yaradıcılığına hörmətlə yanaşdığını deyən professor səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib.

Vüqar Əhməd deyir: “Azərbaycan xalq mahnılarında erotik məzmun yoxdur. “Busə” və “dolayı gəl” ifadələrini misal göstərə bilərəm. Məsələn, “Busə” fars mənşəli sözdür, “öpüş” ifadəsi isə Azərbaycan dilində aydındır və diqqətçəkir. Yaxud “dolayı gəl” ifadəsini o başa düşmür. O, rus dilində oxuyub, rus təfəkkürü ilə formalaşıb. Azərbaycan ruhundan onda azdır. Sözsüz ki, millətini sevən adamdır.

Cəlil Məmmədquluzadənin “Anamın məktəbi” əsəri var. Farsbaşlar var, rusbaşlar var. Bir tərəfdən də Türkiyəni sevən, Azərbaycanı sevən insanlar var. Türkiyə ilə biz iki dövlət, bir millətik. Həqiqətən, Abdulla Şaiq deyirdi: “Hepimiz bir güneşin yuva perverdesiyiz, hepimiz bir güneşin zerresiyiz”. Biri Türkiyə türkü, biri Azərbaycan türkü, biri özbək türküdür.

“Dolayı gəl” ifadəsini düzgün başa düşmür, yəni fırlanıb gəlmək mənasındadır. Burada heç bir erotik məna yoxdur. Yəqin ki, o, bunu bilmir. Talış bölgəsində də bu ifadə işlənir. Rəhmətlik Şövkət Ələkbərova, böyük müğənni, bunu oxuyurdu. Əgər orada erotik məna olsaydı, oxuyardımı

Vüqar Əhməd vurğulayır: “Yar gələndə toz olmasın”. Ayaz Salayev üçün bu yaşdan sonra dilimizi, etnoqrafiyamızı, milli adət-ənənələrimizi öyrənmək, milli dəyərlərimizə hörmət etmək artıq gecdir. Mən onun kinoda rejissorluğuna heç nə deyə bilmərəm. Şübhəsiz, Vətənini də sevir, savadlı insandır. Amma Rusiya təhsili alıb, rus təfəkkürlüdür, Rusiyaya meyillidir. Türkiyənin adı gələndə ona allergiya verir. İndi də keçdi xalq mahnılarına. Şəhriyar nə deyirdi? “Bizdən irəlidə olan avropalılar işi iş bilənə tapşırırlar”. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun. Folklordur, etnoqrafiyadır, ədəbiyyatımızdır, xalq mahnılarıdır, musiqidir – Ayaz Salayev bir xalq mahnısını belə təhlil edə bilməz. Mən onun fikirləri ilə razı deyiləm.

Vüqar Əhməd əlavə edib: “Azərbaycan ədəbiyyatında bu cür motivlər xalqın mənəvi və poetik düşüncəsində şərəfli yer tutur. Nağıllarda da bu motivlərə geniş yer verilib. Yəni folklorumuzda, xalq ədəbiyyatımızda bu cür ifadələr, obrazlar və məcazlar qədimdən var. Onları bugünkü baxışla erotik məzmun kimi təqdim etmək düzgün deyil”.