Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi proseslər, böyük dövlətlər arasında münasibətlər, Ukrayna müharibəsi, İran ətrafında yaranan gərginlik və COP31 çərçivəsində aparılan müzakirələrlə bağlı fikirlərini bölüşüb.
Yenigun.Media xəbər verir ki, deputat bu barədə özünün “Qlobal siyasi proseslərə baxışım” adlı şərhində qeyd edib.
Vüqar İskəndərov ABŞ və Rusiya arasında diplomatik təmasların intensivləşməsinə baxmayaraq, təhlükəsizlik məsələlərində ciddi fikir ayrılıqlarının qaldığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı mövqeyi və Vaşinqtonun razılaşmaya yanaşması sülh prosesinin qarşısında mühüm maneələrdən biridir.
Deputat Avropa ölkələrinin Ukraynanın gələcəyi ilə bağlı danışıqlarda iştirak etmək istəyinə də diqqət çəkib. Bildirib ki, mümkün ABŞ–Rusiya razılaşması Avropanın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərə bilər.
İran–ABŞ münasibətlərinə toxunan Vüqar İskəndərov regionda mümkün hərbi qarşıdurmanın beynəlxalq təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yarada biləcəyini qeyd edib. O, Azərbaycanın maraqları baxımından qonşu İranda sabitliyin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Ukrayna müharibəsi ilə bağlı qiymətləndirməsində deputat diplomatik danışıqların davam etməsinə baxmayaraq, qarşılıqlı infrastruktur zərbələrinin səngiməməsini diqqətə çatdırıb. Onun fikrincə, siyasi bəyanatlarla real atəşkəs arasında hələ də ciddi məsafə var.
COP31 çərçivəsində aparılan müzakirələrə gəlincə, Vüqar İskəndərov fosil yanacaqlardan uzaqlaşma və iqlim maliyyələşməsi məsələlərinin dövlətlər arasında fikir ayrılıqlarını dərinləşdirdiyini bildirib. Qeyd edib ki, yaşıl enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi və geosiyasi rəqabətin mühüm istiqamətidir.
Deputatın qənaətinə görə, müasir beynəlxalq siyasətdə əsas ziddiyyət dövlətlərin bəyan etdiyi məqsədlərlə onların real strateji və iqtisadi maraqları arasındadır.

