Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Yazgül Abdiyeva: Ədilə Namazova – Azərbaycan tibb elminə silinməz iz qoyan görkəmli alim

Azərbaycanın görkəmli pediatrı və kardioloqu, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Ədilə Namazova Azərbaycan uşaq kardiologiyasının əsasını qoyan, ölkəmizdə pediatriya elminin inkişafına mühüm töhfələr verən alimlərdən biridir.

O, Azərbaycanın ilk qadın pediatr-alimi, pediatriya üzrə elmlər doktoru elmi dərəcəsi alan ilk azərbaycanlı qadındır. Həm Azərbaycan, həm də Rusiya elmlər akademiyalarının üzvü seçilən alim uzun illər Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasına rəhbərlik edib. 62 elmlər doktoru və fəlsəfə doktorunun yetişməsində iştirak edərək pediatriya sahəsində elmi biliklərin inkişafına və beynəlxalq elmi əlaqələrin genişlənməsinə mühüm töhfələr verib.

Ədilə Namazova 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub, Pediatrlar Assosiasiyasının prezidenti kimi fəaliyyət göstərib. O, Dünya və Avropa Pediatrlar Assosiasiyalarının rəhbər orqanlarında təmsil olunub, Türkdilli Ölkələr Pediatrlar Assosiasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərərək beynəlxalq elmi platformalarda Azərbaycanı layiqincə təmsil edib.

400-dən artıq elmi əsərin, 20 monoqrafiya və dərsliyin, eləcə də 5 ixtiranın müəllifi olan Ədilə Namazovanın zəngin elmi irsi Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. O, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub, Əməkdar elm xadimi fəxri adına, Dövlət mükafatına və Mustafa Topçubaşov mükafatına layiq görülüb. Alim 2020-ci il dekabrın 16-da 94 yaşında dünyasını dəyişsə də, 70 ildən artıq davam edən elmi, pedaqoji, tibbi və ictimai fəaliyyəti ilə yaddaşlarda yaşayır.

Ədilə Namazova kimi alimlərin elmi irsi və fəaliyyəti gələcək nəsillər üçün dəyərli örnəkdir. Onun elmə sədaqəti, peşəkarlığı və insan sağlamlığının qorunmasına verdiyi töhfələr hər zaman böyük ehtiramla xatırlanacaq.

Yazgül Abdiyeva

Həkim-oftalmoloq, tibb elmləri doktoru və dosent.