Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ilə bağlı fikirlərini bölüşüb.
Yenigun.Media xəbər verir ki, Deputat bildirib ki, dövlət başçısının müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında formalaşıb. 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Vyetnam səfəri ikitərəfli əlaqələrin tarixində xüsusi yer tutur.
Fatma Yıldırım qeyd edib ki, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradıb.
Deputat iqtisadi-ticari əlaqələrin inkişaf perspektivlərinə də diqqət çəkib. Bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi əməkdaşlığın artan dinamikasını nümayiş etdirir. Energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələri qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlara malikdir.
Onun fikrincə, SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Vyetnam şirkətlərinin Azərbaycanın investisiya və infrastruktur layihələrinə marağı iqtisadi tərəfdaşlığın daha da güclənməsinə xidmət edə bilər.
Fatma Yıldırım Azərbaycanın əlverişli coğrafi mövqeyinin və nəqliyyat-logistika imkanlarının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsi baxımından yeni perspektivlər aça bilər.
Deputat humanitar, mədəni və təhsil əlaqələrinin də Azərbaycan-Vyetnam münasibətlərinin mühüm tərkib hissəsi olduğunu bildirib. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və tarixi mədəni əlaqələr xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfə verir.
O, həmçinin sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil almasını iki ölkə arasında humanitar əlaqələrin zəngin tarixinin göstəricisi kimi qiymətləndirib.
Fatma Yıldırımın qənaətinə görə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf etdirilməsi üçün möhkəm siyasi və iqtisadi zəminin mövcud olduğunu nümayiş etdirir. Azərbaycan-Vyetnam əməkdaşlığı qarşılıqlı maraqlara, iqtisadi potensiala və beynəlxalq əməkdaşlıqda ortaq yanaşmalara əsaslanaraq gələcəkdə daha geniş miqyas ala bilər.

