Xalq artisti Ağadadaş Ağayev oğlu Səbuhi Ağayevin müğənnilikdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Yenigun.Media xəbər verir ki, sənətçi oğlunun dövlət məmuru olmaq qərarı verdikdən sonra səhnə fəaliyyətini dayandırdığını bildirib.
Ağadadaş Ağayevin sözlərinə görə, Səbuhi dörd il onun tələbəsi olub və gözəl səsə malikdir:
“Oğlum Səbuhi dörd il tələbəm olub. Həmişə yanımdadır. Çox gözəl səsi var, amma dövlət məmurudur. Məmur olmamışdan əvvəl toylara, tədbirlərə gedirdi. Sonra mənə dedi ki, məmur olmaq istəyir. Dedim ki, bunu sənə əvvəldən demişdim, amma məni dinləmədin. İndi gəldin əsas məsələyə, get, məmur ol. Bu, çətin yoldur”.
Xalq artisti sənət yolunun çətinliklərindən danışaraq övladlarının onun yaşadığı çətinliklərlə üzləşməsini istəmədiyini vurğulayıb:
“İstəmədim ki, övladlarım həmin yolu yaşasınlar. Bizim işin həm yaxşı, həm də ağır tərəfləri var. Onları bir yerdə daşımaq çətindir. Nəvəm Ağadadaş da oxumaq istəyir. Amma nə qədər ömrüm var, onu oxumağa qoymayacağam. Ağadadaş bir dənə olar”.


