Azərbaycan Dəmir Yollarının (ADY) fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan şikayət müzakirələrə səbəb olub. 75 yaşlı sərnişinin şəxsiyyət vəsiqəsindəki bir hərfin bilet məlumatları ilə uyğun gəlməməsi səbəbindən qatardan düşürülmək istənildiyi iddia olunur.
Yenigun.Media xəbər verir ki, bu barədə “Müştəriyəm, şikayətim var” səhifəsində Qəhrəmanov Murad paylaşım edib.
Şikayətçinin bildirdiyinə görə, hadisə zamanı 75 yaşlı sərnişin sərhədə çatmamış, şəxsiyyət vəsiqəsindəki bir hərf fərqinə görə qatardan düşürülmək təhlükəsi ilə üzləşib. Sərnişin öz hüquqlarını tələb etdikdən sonra ADY əməkdaşları və menecer tərəfindən ona akt təqdim olunub. Həmin akt əsasında bilet pulunun geri qaytarılacağı bildirilib.
Lakin şikayətçinin sözlərinə görə, sonradan aktı təqdim etdikdə ona bilet pulunun qaytarılmayacağı və tərtib edilən aktın ödəniş üçün heç bir əsas yaratmadığı bildirilib.
Paylaşım müəllifi xüsusilə yaşlı sərnişinin gecə saat 01:00-a yaxın, hərəkət etməkdə çətinlik çəkdiyi halda tanımadığı ərazidə qatardan düşürülməsinə etiraz edib.
Şikayətçi sual edir: Əgər biletin pulu geri qaytarılmayacaqdısa, ADY əməkdaşları sərnişinə nə üçün akt təqdim ediblər? 75 yaşlı insanın təhlükəsizliyi və fiziki vəziyyəti nəzərə alınmadan belə bir qərarın verilməsi hansı əsasla izah olunur?
Qəhrəmanov Murad paylaşımında hadisənin araşdırılmasını, bilet pulunun geri qaytarılmasını və yaşlı sərnişinin başına gələnlərlə bağlı ətraflı rəsmi izahat verilməsini tələb edib.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mövqeyi hələlik məlum deyil.
Yenigun.Media qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.
Yenigun.Media


