Əsas məzmuna keç
26 Avqust 2026, Çərşənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Afrikada qızıl mədəninin çökməsi nəticəsində 100-dən çox insan ölüb

YENİGÜN.MEDİAREKLAM728 × 90

Mərkəzi Afrika Respublikasının qərbində kustar üsulla fəaliyyət göstərən qızıl mədəninin çökməsi nəticəsində 100-dən çox insan həlak olub.

Yenigun.Media xarici mediaya istinadən xəbər verir ki, faciə ölkənin Kamerunla sərhədə yaxın yerləşən Zamboye kəndində baş verib.

Məlumata görə, hadisə çərşənbə axşamı günorta saatlarında torpaq sürüşməsi nəticəsində baş verib. Zamboye kəndi Baboua şəhərindən təxminən 50 kilometr məsafədə yerləşir.

Torpaq sürüşməsi zamanı böyük miqdarda qum və torpaq mədəndə çalışan insanların üzərinə tökülərək onları altında qoyub. Yerli xilasedicilər və könüllülər dağıntılar altında qalan insanların axtarışına başlayıblar.

Qırmızı Xaç könüllüsü Gervais Ganagorohun sözlərinə görə, dağıntılar altından 100-dən çox meyit çıxarılıb. Yerli mədən assosiasiyasının nümayəndəsi də ölənlərin sayının 100-dən çox olduğunu təsdiqləyib.

Hadisə zamanı mədəndə neçə nəfərin olduğu dəqiq məlum deyil. Ölən və dağıntılar altında qalanların Mərkəzi Afrika Respublikası və Kamerun vətəndaşları olduğu bildirilir. Kamerunun yerli hakimiyyət orqanları ən azı üç vətəndaşının ölənlər arasında olduğunu açıqlayıb.

Yerli prokurorluq ilkin araşdırmalara əsasən faciənin mədəndə çalışan insanların olduğu bir neçə yeraltı tunelin çökməsi nəticəsində baş verdiyini bildirib.

Hazırda xilasedicilər dağıntılar altında sağ qalanların olub-olmadığını müəyyənləşdirməyə və meyitləri çıxarmağa çalışırlar. Ölənlərin sayının artacağı istisna edilmir.

Mərkəzi Afrika Respublikasında kustar üsulla fəaliyyət göstərən mədənlər geniş yayılıb. İşsizliyin yüksək olması səbəbindən çox sayda insan təhlükəsizlik standartlarının aşağı olduğu bu mədənlərdə işləməyə məcbur qalır.

Məlumata görə, yalnız bu il Mərkəzi Afrika Respublikasında müxtəlif mədən qəzaları nəticəsində ən azı 40 nəfər həyatını itirib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600