Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya “Patriot” zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil.
Yenigun.Media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius “Funke” media qrupuna müsahibəsində bildirib.
“Xüsusilə “Patriot” kompleksləri ilə təchizat prosesi çətindir. Almaniya indiyə qədər bir neçə sistem və onlara aid çox sayda idarəolunan raketlər verib. Hazırda bundan artığını edə bilmərik. İndi verəcəyimiz hər hansı bir silahın yerini müvəqqəti olaraq doldura bilməyəcəyik, bu isə müdafiəmizdə zəifləməyə səbəb olacaq. Belə addım atmağa ixtiyarımız yoxdur”, – nazir vurğulayıb.
Nazir digər dövlətlərin qat-qat az iş gördüyünü diqqətə çatdırıb və bu səbəbdən Almaniyanın tərəfdaşlarından daha çox səy gözlədiyini qeyd edib:
“Biz noyabrın ortalarında Ukrayna üzrə Təmas Qrupunun növbəti görüşündə bu məsələni çox ciddi şəkildə müzakirə etməliyik”.

