Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenigun.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb. pizza
Xüsusilə, avqustun 13-də “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqına və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib:
“Bununla yanaşı, avqustun 7-də “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyat, avqustun 9-da “YouTube” platformasında, avqustun 16-da isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb. Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”.
Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsimə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.
“Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb”, – deyə XİN vurğulayıb.

