Hörmətli sədr Rövşən Məmmədov!
Əziz Teleradio kollektivi!
Sizi və rəhbərlik etdiyiniz bütün yaradıcı kollektivi Azərbaycan Radiosunun 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm!
Azərbaycan radiosu bir əsrdir ki, xalqımızın mənəvi yaddaşının, milli-mədəni dəyərlərinin, ədəbi-bədii fikrinin və ictimai həyatının salnaməsini yaradır. Radio və televiziya tariximiz yalnız informasiya tariximiz deyil, həm də Azərbaycan dilinin, musiqisinin, ədəbiyyatının və milli düşüncəsinin yaşadılması tarixidir.
Bu əlamətdar yubiley mənim üçün də xüsusi və unudulmaz məna daşıyır. Çünki mən ömrümün 20 ilini Azərbaycan Teleradiosuna həsr etmişəm. Həmin illər mənim həyatımda və peşəkar fəaliyyətimdə mühüm mərhələ olub. Mən burada püxtələşmiş, jurnalistikanın, publisistikanın, radio və televiziya sənətinin incəliklərinə yiyələnmişəm. Teleradio mənim üçün sadəcə iş yeri deyil, həm də yaradıcılıq məktəbi, mənəvi ünvan və doğma ocaqdır.
Bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi və ədəbi fəaliyyətimi davam etdirərkən Teleradioda keçirdiyim illəri böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlayıram.
Hörmətli Rövşən müəllim!
Sizin rəhbərliyiniz altında çalışan bütün əməkdaşlara, jurnalistlərə, diktorlara, rejissorlara, redaktorlara, texniki heyətə və bu böyük sənət ocağında zəhməti olan hər kəsə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram.
Arzum budur ki, Azərbaycan Teleradiosu bundan sonra da milli-mənəvi dəyərlərimizin təbliğinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, ədəbiyyatımızın, mədəniyyətimizin və musiqimizin inkişafına xidmət etsin.
100 yaşın mübarək, doğma Azərbaycan Radiosu!
Yubileyiniz mübarək, əziz Teleradio kollektivi!
Dərin hörmət və ehtiramla,
Vüqar Mikayıl oğlu ƏHMƏD
Filologiya elmləri doktoru, professor
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri
Azərbaycan Teleradiosunun 20 illik əməkdaşı.


