Azərbaycan və Çin təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığı genişləndirir.
Yenigun.Media xəbər verir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənəd DTX rəisi, general-polkovnik Əli Nağıyev ilə Çinin ictimai təhlükəsizlik naziri, Dövlət Şurasının üzvü Van Syaohun arasında keçirilən görüşün yekununda imzalanıb.
Görüş zamanı tərəflər qlobal təhlükəsizlik vəziyyətini, müasir təhdidlərin xarakterini və iki qurum arasında əməkdaşlığın gələcək istiqamətlərini müzakirə ediblər.
Saziş terrorçuluğa qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və telekommunikasiya sistemlərindən istifadə etməklə törədilən dələduzluqla mübarizə sahələrində əməkdaşlığı əhatə edir.
Tərəflər həmçinin əməliyyat məlumatlarının mübadiləsinin və təhlükəsizlik sahəsində birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Əli Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin Cianqsu vilayətinin Lianyungang şəhərində keçirilən V Qlobal İctimai Təhlükəsizlik Əməkdaşlığı Forumunda da iştirak edib.
Forumda terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın gücləndirilməsi və yeni texnologiyalardan istifadə məsələləri müzakirə olunub. Tədbirin sonunda “Qlobal Terrorçuluğa Qarşı Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı” qəbul edilib.
Görüşdə Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıdığı vurğulanıb və iki ölkənin hüquq-mühafizə və təhlükəsizlik qurumları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı niyyət ifadə olunub.
Yenigun.Media

