Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticari əlaqələr inkişaf edir. Mövcud göstəricilər iki ölkə arasında ticarət dövriyyəsinin artdığını göstərsə də, Azərbaycanın Vyetnama ixrac imkanlarının genişləndirilməsi qarşıda duran əsas istiqamətlərdən biri kimi diqqət çəkir.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər və açıqlanan iqtisadi göstəricilər əsasında iki ölkə arasında əməkdaşlıq perspektivlərini dəyərləndirib.
Belə ki, 2025-ci ildə Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 153 milyon dollar təşkil edib. Bunun 152 milyon dolları Vyetnamdan Azərbaycana idxalın payına düşüb. 2026-cı ilin ilk 9 ayında isə ticarət dövriyyəsi 136 milyon dolları ötüb. Bu dövrdə də idxalın üstünlük təşkil etməsi Azərbaycanın Vyetnama ixracının artırılması üçün geniş imkanların olduğunu göstərir.
Coğrafi baxımdan fərqli regionlarda yerləşmələrinə baxmayaraq, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə qeyri-neft məhsullarının Vyetnam bazarına çıxarılması perspektivləri mövcuddur. Bu baxımdan Vyetnam Azərbaycan məhsulları üçün yeni ixrac istiqamətlərindən birinə çevrilə bilər.
Əməkdaşlığın digər mühüm istiqaməti enerji sektorudur. Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında ötən il imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının birgə kəşfiyyatı və işlənilməsi sahəsində əməkdaşlığa imkan yaradır. Hazırda bərpa olunan enerji sahəsi də daxil olmaqla, Azərbaycanda 7 Vyetnam şirkəti fəaliyyət göstərir.
Bununla yanaşı, nəqliyyat və yükdaşımalar, texnologiyaların transferi və innovativ sahələr iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamətlər hesab olunur.
Mövcud iqtisadi göstəricilər göstərir ki, Azərbaycan-Vyetnam münasibətlərində ticarət əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft ixracının artırılması üçün yeni imkanlar mövcuddur. Bu istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi hər iki ölkənin iqtisadi tərəfdaşlığının daha da dərinləşməsinə töhfə verə bilər.
Yenigun.Media

