“Azərlotoreya” ASC-yə məxsus “Misli.az” platformasında mərc oyununda qalib gələn müştəri uduşunu ala bilmədiyi üçün məhkəməyə müraciət edib.
Yenigun.Media e-huquq.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi müştərinin şikayətinə baxaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edib və iddianı qismən təmin edib.
Məlumata görə, Əli Mustafayev 18 fevral 2026-cı il tarixində “Qarabağ – Nyukasl Yunayted” qarşılaşmasının ilk hissəsində 2,5-dən çox qol vurulacağına dair 150 manat mərc edib. Oyunun ilk hissəsində 5 qol qeydə alındığından kupon uduşlu hesab olunub.
Beləliklə, mərc nəticəsində iddiaçıya 226,50 manat, o cümlədən 76,50 manat qazanc ödənilməli olduğu halda, şirkət yalnız yatırılan 150 manatı geri qaytarıb.
Vəkil Fərid Qasımovun sözlərinə görə, “Misli.az” tərəfi kuponun VAR yoxlaması zamanı yaranmış texniki xətadan istifadə edilməklə qəbul edildiyini bildirib və uduşun ödənilməsindən imtina edib.
Əli Mustafayev məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin edilməyib. Bundan sonra verilən apellyasiya şikayəti nəticəsində Bakı Apellyasiya Məhkəməsi əvvəlki qətnaməni ləğv edərək yeni qərar qəbul edib.
Yeni qətnaməyə əsasən, 76,50 manat məbləğində uduşun, həmçinin məhkəmə və vəkil xərclərinin ödənilməsi təmin olunub. İddiaçının 500 manat mənəvi zərər tələbi isə rədd edilib.

