Bakıda nəqliyyat sıxlığı yalnız sürücülərin yolda itirdiyi vaxtla məhdudlaşmır. Tıxaclar yanacaq sərfiyyatının, logistika xərclərinin və əmək məhsuldarlığının azalmasına da səbəb olur.
Bu barədə Yenigun.Media-ya iqtisadçı ekspert Eyyub Kərimli açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, tıxacda itirilən hər saat əmək vaxtının və iqtisadi resursların itirilməsi deməkdir. Onun sözlərinə görə, əlavə yanacaq sərfiyyatı, logistika və çatdırılma xərclərinin artması, ictimai nəqliyyatın məhsuldarlığının azalması və ekoloji xərclər də nəzərə alınmalıdır.
“2027-ci ildə Azərbaycanın ÜDM-nin 141 milyard manat olacağı proqnozlaşdırılır. Əgər tıxacların iqtisadi təsirinin ÜDM-in 1–3 faizi həcmində olması barədə qiymətləndirməni şərti ssenari kimi qəbul etsək, söhbət ildə təxminən 1,4–4,2 milyard manatlıq iqtisadi təsirdən gedə bilər. Ancaq bu 1–3 faizlik göstəricinin Bakı üzrə rəsmi hesablanmış itki kimi deyil, qiymətləndirmə ssenarisi kimi təqdim olunması daha düzgündür”, – deyə Eyyub Kərimli bildirib.
Ekspertin fikrincə, tıxacların azaldılması üçün əsas yanaşma daha çox yol tikməkdən deyil, bir kilometr yolun daha çox insan daşımasını təmin etməkdən başlamalıdır.
O bildirib ki, bunun üçün ictimai nəqliyyat şəxsi avtomobillə müqayisədə daha sürətli və rahat alternativə çevrilməlidir. Avtobus zolaqlarının genişləndirilməsi və fasiləsiz şəbəkəyə çevrilməsi, metro və şəhərətrafı dəmir yolunun inkişafı, avtobus–metro–dəmir yolu arasında vahid nəqliyyat sisteminin yaradılması əsas prioritetlər sırasında olmalıdır.
Eyyub Kərimli şəhərin mərkəzinə avtomobil axınının iqtisadi üsullarla idarə edilməsinin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəzi ərazilərdə uzunmüddətli parklanmanın məhdudlaşdırılması və şəhərin girişlərində “Park & Ride” sistemlərinin yaradılması şəxsi avtomobillərin mərkəzə daxil olmasını azalda bilər.
Ekspert iş və təhsil saatlarının daha çevik təşkilinin də pik saatlarda yaranan yükü azaltmağa kömək edə biləcəyini qeyd edib.
“Dövlət qurumları, universitetlər, məktəblər və iri şirkətlərin hamısının eyni vaxt intervalında işə başlaması səhər və axşam saatlarında nəqliyyat sisteminə böyük yük yaradır. İşə və dərsə başlama saatlarının müəyyən qədər fərqləndirilməsi, mümkün sahələrdə distant və hibrid iş modellərinin təşviqi pik saatlardakı tələbi gün ərzində daha bərabər bölüşdürə bilər”, – deyə ekspert əlavə edib.
Kərimli “ağıllı nəqliyyat” idarəçiliyinin genişləndirilməsini də vacib hesab edir. Onun sözlərinə görə, svetoforların real vaxt rejimində avtomobil və sərnişin axınına uyğun idarə olunması, yol hadisələrinin operativ müəyyənləşdirilməsi və sürücülərin alternativ marşrutlara yönləndirilməsi mövcud infrastrukturdan daha səmərəli istifadəyə imkan verə bilər.
Ekspert Bakı–Abşeron istiqamətində vahid mobillik sisteminin yaradılmasının vacibliyini də vurğulayıb. O bildirib ki, Xırdalan, Masazır, Sumqayıt və Abşeronun digər yaşayış məntəqələrindən Bakıya gündəlik böyük sərnişin axını formalaşır və bu səbəbdən şəhərətrafı dəmir yolu, ekspres avtobuslar və nəqliyyat mübadilə mərkəzləri vahid sistem çərçivəsində inkişaf etdirilməlidir.
“Əsas məqsəd Bakıda avtomobillərin hərəkətini deyil, insanların hərəkətini sürətləndirmək olmalıdır. Tıxacda itirilən vaxt iqtisadiyyat üçün itirilən əmək məhsuldarlığıdır. Buna görə ictimai nəqliyyata yatırılan vəsaitə yalnız sosial xərc kimi deyil, məhsuldarlığı artıran iqtisadi investisiya kimi baxmaq lazımdır”, – deyə Eyyub Kərimli bildirib.
Yenigun.Media

