Cəbrayıl Azərbaycanın qədim və zəngin tarixə malik yaşayış məskənlərindən biridir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb;Uzun illər işğal altında qalan rayon ağır dağıntılara məruz qalsa da, Cəbrayıllıların doğma yurda qayıtmaq arzusu heç vaxt sönmədi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni səhifə açdı. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində rayonun kəndləri və oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Bu tarixi Qələbə Cəbrayılın həyatında yeni mərhələnin başlanğıcına çevrildi. Cəbrayılın azad olunması həm də qədim Xudafərin körpülərinin Azərbaycan nəzarətinə qaytarılması ilə əlamətdar oldu. Prezident İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması xalqımızın yaddaşında Zəfərin rəmzi kimi əbədi yaşayacaq. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Bu gün Cəbrayıl azadlığın yaratdığı imkanlar əsasında yenidən qurulur. Şəhərdə və kəndlərdə müasir yaşayış məhəllələri, məktəblər, sosial obyektlər, yollar və digər infrastruktur layihələri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması isə rayonun iqtisadi potensialının inkişafına yeni imkanlar açır. Cəbrayılın siması sürətlə dəyişir. Dağıntıların yerində yeni binalar ucalır, kəndlər abadlaşdırılır, insanların doğma yurda qayıdışı təmin olunur. Böyük Qayıdış çərçivəsində Cəbrayıl şəhərinə və rayonun kəndlərinə köçlərin başlanması illərlə davam edən həsrətin sona çatdığını göstərir. Cəbrayılın azadlığından sonra rayonun bərpası və yenidən qurulması Prezident İlham Əliyevin daim diqqətində olub. Dövlətimizin başçısı dəfələrlə Cəbrayıl rayonunda səfərdə olaraq burada həyata keçirilən layihələrlə tanış olub, müxtəlif sosial və infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. 2020-ci ilin noyabrında Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaldan Prezident İlham Əliyev sonrakı səfərlərində rayonun iqtisadi, sosial və nəqliyyat infrastrukturunun qurulması ilə bağlı layihələrin icrasını diqqətdə saxlayıb. 2021-ci ildə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, xəstəxananın, məktəbin və yaşayış məhəlləsinin təməli qoyulub, sonrakı illərdə isə yeni kəndlərin və yaşayış komplekslərinin təməli atılıb. 2026-cı ilin mayında dövlətimizin başçısının Şükürbəyli kəndinin açılışında iştirakı və sakinlərlə görüşü Cəbrayılda Böyük Qayıdışın növbəti mühüm mərhələsini nümayiş etdirib.
4 oktyabr Cəbrayıl üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün azadlığın, qəhrəmanlığın, doğma yurda bağlılığın və yeni həyatın rəmzidir. Bu gün Cəbrayıl keçmişdən gələcəyə inamla addımlayır. Azad Cəbrayıl dirçəlir, yenidən qurulur və öz sakinlərini doğma torpağında qarşılayır.
Samirə Adəmqızı

