Çinin avtomobil ixracında lider olan Chery Automobile şirkətinin robototexnika bölməsi AiMOGA Robotics gələcək inkişaf və texnoloji investisiyaları maliyyələşdirmək məqsədilə ilkin kütləvi təklifə (IPO) hazırlaşır.
Yenigun.Media xəbər verir ki,şirkətin rəhbəri və Chery International-ın prezidenti Çjan Quibin bildirib ki, AiMOGA-nın birjada yerləşdirilməsi ilə bağlı müxtəlif variantlar müzakirə olunur. Onun sözlərinə görə, IPO şirkətə yeni texnologiyalara investisiyaları artırmaqla yanaşı, idarəetmə, şəffaflıq və əməliyyat standartlarının təkmilləşdirilməsinə də imkan verə bilər.
Şirkət gələn il 10 min humanoid robotun qlobal bazarlara çatdırılmasını hədəfləyir. AiMOGA 2025-ci ilin yanvarında Chery-nin tərkibində yaradılıb və indiyədək 3 mindən çox robot satıb. Onların təxminən 2 mini xarici bazarlara göndərilib. Şirkət hazırda 60-dan çox ölkə və regionda fəaliyyət göstərir.
Polis robotları artıq Çində istifadə olunur
AiMOGA bu il humanoid polis robotlarını təqdim edib. Şirkətin məlumatına görə, artıq 110 belə robot Çinin müxtəlif şəhərlərində tətbiq olunur.
Robotlar əsasən yol hərəkətinin tənzimlənməsi, izdihamın yönləndirilməsi və ictimai təhlükəsizliklə bağlı maarifləndirmə işlərində istifadə edilir.
Şirkət hesab edir ki, bu texnologiyaya xarici ölkələrdə də tələbat arta bilər. Xüsusilə Yaxın Şərq və Cənub-Şərqi Asiya potensial bazarlar kimi qiymətləndirilir. AiMOGA rəhbərliyi bu regionlarda yüksək temperatur, güclü yağışlar və digər çətin hava şəraitinin yol polisi üçün iş yükünü artırdığını bildirir.
Şirkət humanoid robotlardan əmək çatışmazlığının aradan qaldırılması və insanların ağır şəraitdə gördüyü işlərin müəyyən hissəsinin avtomatlaşdırılması üçün istifadəni genişləndirməyi planlaşdırır.
Çin robot bazarında rəqabət güclənir
Çində humanoid robot sənayesi sürətlə inkişaf edir və avtomobil istehsalçıları ilə texnologiya şirkətləri bu sahəyə böyük investisiyalar yatırırlar.
AiMOGA rəhbəri hesab edir ki, robot sənayesində gələcəkdə şirkətlərin birləşməsi və bazarın konsolidasiyası baş verə bilər. Bununla belə, xüsusilə qiymət baxımından rəqabətin daha da sərtləşəcəyi gözlənilir.
Şirkət ABŞ bazarına daxil olmaq ehtimalını da istisna etmir. Bununla belə, rəhbərlik bildirir ki, müxtəlif ölkələrə çıxış zamanı yerli qanunvericilik və müştəri tələblərinə uyğunlaşmaq zəruri olacaq.
AiMOGA-nın ilkin mərhələdə xarici bazarlarda xidmət və müşayiət robotlarına üstünlük verəcəyi bildirilir.
Şirkət rəhbərliyinin qiymətləndirməsinə görə, humanoid robotların tam yetkin texnologiyaya çevrilməsi və kütləvi şəkildə yayılması üçün təxminən 10 il lazım ola bilər.

