Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanatları və səfərin nəticələrini şərh edib.
Yenigun.Media xəbər verir ki, deputat Azərbaycan-Özbəkistan münasibətlərinin bu gün yalnız tarixi dostluq və qardaşlıq üzərində deyil, konkret layihələr, qarşılıqlı investisiyalar və strateji əməkdaşlıq əsasında inkişaf etdiyini bildirib.
Fatma Yıldırım qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, investisiya və turizm sahələrində həyata keçirilən layihələr əməkdaşlığın böyük potensialını nümayiş etdirir.
Deputatın sözlərinə görə, Azərbaycan-Özbəkistan əlaqələrinin əsas gücü yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır:
“Bu münasibətlərin arxasında ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qardaşlıq dayanır. Məhz bu möhkəm təməl ölkələrimizin həm ikitərəfli, həm də Türk dünyası çərçivəsində daha sıx əməkdaşlığı üçün geniş imkanlar yaradır”.
Fatma Yıldırım Özbəkistanın Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesində iştirakını da xüsusi vurğulayıb. O bildirib ki, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikinin yaradılmasına investisiya qoyulması və digər layihələr iki xalq arasında qardaşlığın praktiki nümunələridir.
Deputat Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsini də münasibətlərin xüsusi xarakterinin göstəricisi kimi qiymətləndirib.
Onun sözlərinə görə, dövlət səfəri çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar qarşıdakı illərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm hüquqi və praktiki baza yaradır.
“Bu gün Azərbaycan və Özbəkistan təkcə iki qardaş dövlət kimi deyil, regionun inkişafına və Türk dünyasının güclənməsinə mühüm töhfə verən strateji tərəfdaşlar kimi çıxış edirlər. Nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, enerji və investisiya layihələri ölkələrimizin qarşılıqlı imkanlarını daha da artırır”, – deyə deputat vurğulayıb.
Fatma Yıldırım hesab edir ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsinin mühüm göstəricisi kimi tarixə düşəcək.
Deputat əmin olduğunu bildirib ki, qarşıdakı illərdə iki ölkə arasında qardaşlıq və strateji tərəfdaşlıq daha böyük layihələr, geniş əməkdaşlıq və yeni uğurlarla zənginləşəcək.

