Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Deputat: Azərbaycan-Özbəkistan qardaşlığının ən böyük gücü sarsılmaz mənəvi bağlarımızdır

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələrin inkişafını və iki xalqı birləşdirən tarixi-mənəvi bağları şərh edib.

Yenigun.Media xəbər verir ki, deputat Azərbaycanla Özbəkistan arasında münasibətlərin yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmadığını, xalqlarımızın ortaq tarixi köklər, dil yaxınlığı, milli-mənəvi dəyərlər, adət-ənənələr, ədəbiyyat və musiqi vasitəsilə bir-birinə sıx bağlı olduğunu bildirib.

Ülviyyə Həmzəyevanın sözlərinə görə, Azərbaycan və Özbəkistan xalqları bir-birini yalnız dost deyil, tarixi və mənəvi baxımdan doğma olan iki qardaş xalq kimi qəbul edir.

Deputat qeyd edib ki, Azərbaycan və özbək dillərinin yaxınlığı, ailə dəyərləri, böyüyə hörmət, qonaqpərvərlik ənənələri, Novruz kimi ortaq bayramlar, musiqi və folklordakı oxşarlıqlar xalqlarımızın eyni böyük türk mədəni coğrafiyasının daşıyıcıları olduğunu göstərir.

“ Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli və digər böyük söz və fikir adamlarının irsi əsrlərdən bu günə bizi birləşdirən mühüm mənəvi körpülərdir”, – deyə deputat vurğulayıb.

Ülviyyə Həmzəyeva Prezident İlham Əliyevin Özbəkistana son dövlət səfərinin də Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi-mədəni yaxınlığının konkret layihələrlə daha da zənginləşdiyini nümayiş etdirdiyini bildirib.

Deputat Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəbi iki xalq arasındakı qardaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirib:

“Bu məktəb mənim üçün sadəcə təhsil müəssisəsi deyil. Qarabağ torpağında ucaldılan bu ocaq özbək xalqının Azərbaycan xalqına qardaşlıq münasibətinin canlı ifadəsidir”.

O, Bakıda yaradılan “Özbəkistan” parkını və Prezident İlham Əliyevin son səfəri çərçivəsində Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulmasını da qarşılıqlı mədəni əlaqələrin rəmzi kimi dəyərləndirib.

Deputatın sözlərinə görə, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılması Azərbaycan-Özbəkistan əməkdaşlığının təhsil və elm sahəsində də yeni mərhələyə keçdiyini göstərir.

“Universitetin Azərbaycan ali məktəbləri ilə əməkdaşlığı, birgə elmi tədqiqatların, konfransların, tələbə və müəllim mübadiləsinin nəzərdə tutulması mədəni əlaqələrin artıq təhsil və elm müstəvisində daha sistemli xarakter aldığını göstərir. Nizami Gəncəvinin adını daşıyan belə bir elm və təhsil ocağının Özbəkistanda fəaliyyət göstərməsi Azərbaycan mədəni irsinə göstərilən böyük ehtiramın ifadəsidir”, – deyə Ülviyyə Həmzəyeva bildirib.

Milli Məclisin deputatı qarşıdakı mərhələdə xüsusilə gənclər və yaradıcı insanlar arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, rəssamların, musiqiçilərin, yazıçıların, muzey və teatr kollektivlərinin birgə layihələri, tələbə və gənc yaradıcıların mübadilə proqramları, ortaq sərgilər, festivallar və yaradıcılıq simpoziumları davamlı xarakter almalıdır.

Ülviyyə Həmzəyeva Azərbaycan və Özbəkistanın zəngin mədəni irsinin birgə tədqiqi və beynəlxalq platformalarda təqdim olunması üçün də böyük imkanların olduğunu diqqətə çatdırıb.

“Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində Azərbaycan-Özbəkistan münasibətləri bu gün tarixinin ən yüksək mərhələlərindən birini yaşayır. Ən qiymətlisi isə odur ki, siyasi müttəfiqlik xalqlarımız arasındakı əsrlərdən gələn mənəvi yaxınlıq üzərində qurulub. Dövlətlər arasında imzalanan sənədlər münasibətlərin hüquqi və siyasi əsaslarını möhkəmləndirirsə, mədəniyyət, təhsil, incəsənət və insanlar arasındakı əlaqələr bu münasibətlərə ruh verir”, – deyə deputat vurğulayıb.

Deputat hesab edir ki, Azərbaycan və Özbəkistanın gələcək əməkdaşlığının ən böyük gücü məhz xalqlarımız arasında mövcud olan bu sarsılmaz mənəvi bağdır.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600