Deputat: “Azərbaycanın G20 Liderlər Sammitinə dəvət olunması beynəlxalq nüfuzunun göstəricisidir”
Azərbaycan G20-nin üzvü olmasa da, Prezident İlham Əliyevin G20 Liderlər Sammitinə dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisi kimi qiymətləndirilir.
Bu fikirlər Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın paylaşımında yer alıb.
Deputat bildirib ki, belə mühüm qlobal platformaya dəvət Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisidir. Onun sözlərinə görə, bu dəvət yalnız protokol xarakterli deyil, Azərbaycanın qlobal proseslərdə artan roluna verilən siyasi qiymət kimi dəyərləndirilməlidir.
Ü.Həmzəyeva qeyd edib ki, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan özünü etibarlı və sözünün çəkisi olan tərəfdaş kimi təsdiqləyib.
Deputatın fikrincə, Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, eləcə də regional sülh və əməkdaşlıq proseslərində oynadığı rol ölkənin beynəlxalq əhəmiyyətini daha da artırıb.
“Azərbaycanın üstünlüklərindən biri müxtəlif siyasi qütblərlə qarşılıqlı hörmət və maraqlar əsasında münasibətlər qura bilməsidir”, – deyə deputat vurğulayıb.
Ü.Həmzəyeva hesab edir ki, G20 Liderlər Sammitinə dəvət Azərbaycanın artıq yalnız regional proseslərin iştirakçısı deyil, qlobal məsələlərin müzakirə olunduğu platformalarda mövqeyi maraq doğuran dövlət olduğunu bir daha nümayiş etdirir.
Yenigun.Media xəbər verir ki, deputat bunu Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl xarici siyasətin və Azərbaycanın qazandığı beynəlxalq etimadın nəticəsi kimi qiymətləndirib.

