Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Deputat: Azərbaycan–Özbəkistan münasibətləri qardaşlıqdan strateji müttəfiqliyə yüksəlib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Anar İsgəndərov Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəni şərh edib.

Yenigun.Media xəbər verir ki, deputat Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Onun sözlərinə görə, bu əlaqələrin əsasını yalnız siyasi və iqtisadi maraqlar deyil, xalqlarımızı əsrlər boyu birləşdirən ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər təşkil edir.

Anar İsgəndərov qeyd edib ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin və Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun mühüm xidmətləri olub. Son illərdə isə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi və şəxsi münasibətləri nəticəsində əlaqələr daha yüksək səviyyəyə çatıb.

Deputatın fikrincə, bu gün Azərbaycan–Özbəkistan münasibətlərini səciyyələndirən əsas amillərdən biri yüksək siyasi etimaddır.

“Dövlətlərarası münasibətlərdə siyasi etimad nə qədər möhkəm olarsa, əməkdaşlığın digər istiqamətlərində də uzunmüddətli və konkret nəticələr əldə etmək bir o qədər asan olur. Azərbaycan və Özbəkistan münasibətlərində bunun real nəticələrini siyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyətə qədər bütün sahələrdə görürük”, – deyə Anar İsgəndərov bildirib.

Deputat qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, Ali Dövlətlərarası Şuranın fəaliyyəti və imzalanan mühüm sənədlər münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib.

Onun sözlərinə görə, siyasi yaxınlaşma iqtisadi əməkdaşlığın genişlənməsinə də ciddi təkan verib. Ticarət dövriyyəsinin artması, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması, birgə müəssisələrin fəaliyyəti və qarşılıqlı investisiyaların genişlənməsi iki ölkənin iqtisadi potensialının bir-birini tamamladığını göstərir.

Anar İsgəndərov enerji əməkdaşlığının da yeni məzmun qazandığını vurğulayıb. O bildirib ki, ənənəvi enerji sahəsində mövcud əməkdaşlıqla yanaşı, Azərbaycan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri arasında yaşıl enerji istiqamətində həyata keçirilən təşəbbüslər gələcək üçün böyük strateji əhəmiyyət daşıyır.

Deputat nəqliyyat və logistika sahəsini də Azərbaycan–Özbəkistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri hesab edir.

“Orta Dəhlizin inkişafı Azərbaycan və Özbəkistanı Şərqlə Qərb arasında mühüm tərəfdaşlara çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat təşəbbüsləri ilə əlaqələndirilməsi Mərkəzi Asiyanın dünya bazarlarına çıxışını genişləndirə, Azərbaycanın tranzit imkanlarını daha da artıra bilər”, – deyə deputat diqqətə çatdırıb.

Anar İsgəndərov Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız iqtisadi və siyasi layihələrlə ölçülmədiyini də qeyd edib. Onun sözlərinə görə, Özbəkistanın Qarabağın bərpasında iştirakı iki xalq arasındakı qardaşlığın ən parlaq nümunələrindəndir.

Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, “Dostluq bağı”nın salınması və digər layihələrə toxunan deputat bildirib ki, bu təşəbbüslər Özbəkistanın Azərbaycan xalqına həm mənəvi, həm də praktiki dəstəyinin ifadəsidir.

Deputat mədəni-humanitar əlaqələrin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, mədəniyyət günləri, elmi və ədəbi tədbirlər, təhsil proqramları, tələbə mübadilələri və Nizami Gəncəvinin adını daşıyan Milli Pedaqoji Universitet kimi layihələr xalqlarımız arasındakı mənəvi bağları daha da gücləndirir.

Anar İsgəndərov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu iştirakının da regional əməkdaşlıq baxımından mühüm hadisə olduğunu bildirib:

“Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni mərhələyə keçməsi yalnız ikitərəfli əlaqələrin deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasının güclənməsi baxımından əhəmiyyətlidir. Bu prosesdə Özbəkistanın dəstəyi xüsusi qiymətə malikdir”.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.

“Bugünkü Azərbaycan–Özbəkistan münasibətləri ardıcıl siyasi iradənin, qarşılıqlı etimadın, iqtisadi maraqların uzlaşdırılmasının və xalqlarımız arasında möhkəm mənəvi bağların nəticəsidir. Qardaşlıqdan strateji tərəfdaşlığa, oradan isə müttəfiqliyə yüksələn bu münasibətlər qarşıdakı illərdə həm iki ölkənin, həm də bütövlükdə Türk dünyasının güclənməsinə mühüm töhfə verəcək”, – deyə Anar İsgəndərov vurğulayıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600