Əsas məzmuna keç
26 Avqust 2026, Çərşənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Deputat: Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yalnız siyasi və diplomatik əməkdaşlıqla məhdudlaşmayaraq, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye və humanitar sahələri əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Yenigun.Media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsini nümayiş etdirir.

Deputatın sözlərinə görə, Azərbaycan–Özbəkistan əlaqələrinin əsas dayağını xalqlarımız arasında mövcud olan tarixi, mədəni və mənəvi yaxınlıq təşkil edir. Bu möhkəm təməl dövlətlərarası münasibətlərin siyasi iradə və konkret iqtisadi layihələrlə daha da gücləndirilməsinə imkan yaradır.

Ülviyyə Həmzəyeva qeyd edib ki, Özbəkistanın son illərdə həyata keçirdiyi iqtisadi və sosial islahatlar ölkənin regional iqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb:

“Azərbaycan üçün Özbəkistanla iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı ticarətin artırılması, investisiya layihələrinin genişləndirilməsi və sənaye kooperasiyasının dərinləşdirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verir”.

Deputatın fikrincə, enerji, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika, bankçılıq və digər sahələrdə həyata keçirilən layihələr Azərbaycan–Özbəkistan əməkdaşlığının artıq praktiki nəticələr verdiyini göstərir.

O, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakını da xüsusi vurğulayıb. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə həyata keçirilən investisiya layihələri iki ölkə arasında qardaşlığın yalnız siyasi bəyanatlarla deyil, konkret əməllərlə də ifadə olunduğunu göstərir.

Ülviyyə Həmzəyeva hesab edir ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın regional əhəmiyyəti də getdikcə artır. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyi və Özbəkistanın Mərkəzi Asiyanın aparıcı iqtisadiyyatlarından biri olması Orta Dəhliz çərçivəsində yeni imkanlar yaradır.

“Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq iki ölkənin sərhədləri ilə məhdudlaşmır. Bu münasibətlər Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Orta Dəhlizin imkanlarının genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına cavab verir”, – deputat bildirib.

Milli Məclisin üzvü əlavə edib ki, Ali Dövlətlərarası Şuranın fəaliyyətinin davam etdirilməsi münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir. Onun sözlərinə görə, yüksək səviyyəli siyasi dialoqun konkret layihələrlə tamamlanması Azərbaycan–Özbəkistan münasibətlərinin davamlı inkişafını təmin edən əsas amillərdəndir.

Deputatın fikrincə, qarşıdakı dövrdə əsas hədəflərdən biri qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi, sənaye kooperasiyasının dərinləşdirilməsi və nəqliyyat-logistika imkanlarından daha səmərəli istifadə etmək olacaq.

“Bu gün Azərbaycan–Özbəkistan münasibətlərini yalnız strateji tərəfdaşlıq anlayışı ilə ifadə etmək artıq kifayət etmir. Burada tarixi qardaşlıq, qarşılıqlı etimad və ortaq inkişaf baxışları bir-birini tamamlayır. İki ölkənin əməkdaşlığının gələcəkdə həm Azərbaycan və Özbəkistanın, həm də bütövlükdə Türk dünyasının iqtisadi və siyasi gücünün artmasına mühüm töhfə verəcəyinə inanıram”, – Ülviyyə Həmzəyeva vurğulayıb.

Mövcud dinamika Azərbaycan–Özbəkistan münasibətlərinin uzunmüddətli və çoxşaxəli əməkdaşlıq modelinə çevrildiyini göstərir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600