Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Deputat: XXI əsrin geosiyasi mübarizəsində süni intellekt əsas strateji amilə çevrilir

Milli Məclisin deputatı Vüqar İskəndərov 17 sentyabr tarixində dünyada baş verən əsas geosiyasi prosesləri təhlil edib.

Yenigun.Media xəbər verir ki, deputatın fikrincə, son proseslər göstərir ki, böyük güclər arasında rəqabət artıq yalnız hərbi və siyasi müstəvidə deyil, süni intellekt, enerji, ticarət, sanksiyalar və nəqliyyat dəhlizləri üzərindən də aparılır.

İskəndərov xüsusilə ABŞ–Çin münasibətlərində süni intellektin yaratdığı yeni təhlükəsizlik gündəminə diqqət çəkib. Onun sözlərinə görə, AI texnologiyalarının hərbi sistemlərdə geniş tətbiqi gələcəkdə nüvə silahlarına nəzarət mexanizmlərinə bənzər yeni “qırmızı xətlərin” formalaşdırılmasını zəruri edə bilər.

Deputat ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətində də yeni yanaşmanın formalaşdığını bildirib. Onun fikrincə, sanksiyaların yalnız Rusiyaya deyil, Rusiya enerji resurslarını alan ölkələrə də təsir göstərə biləcək mexanizmə çevrilməsi Moskva ilə yanaşı digər böyük iqtisadi güclərlə münasibətlərə də təsir edə bilər.

İskəndərov Aİ–Çin münasibətlərində sənaye və texnologiya rəqabətinin güclənməsinə də diqqət çəkib. O qeyd edib ki, Avropanın Çin istehsalının artan rəqabətindən narahatlığı ilə Pekinin qabaqcıl istehsal sahələrini genişləndirmək siyasəti arasında ziddiyyət yaranır.

Deputatın təhlilində Hörmüz boğazında gəmiçiliyin azalması da xüsusi yer alıb. Onun fikrincə, qlobal enerji marşrutlarında təhlükəsizlik risklərinin artması alternativ nəqliyyat və enerji dəhlizlərinin strateji əhəmiyyətini yüksəldir.

Bu baxımdan Azərbaycanın yerləşdiyi coğrafiyanın xüsusi əhəmiyyət daşıdığını vurğulayan İskəndərov Xəzər dənizi–Azərbaycan–Türkiyə xəttinin, Orta Dəhlizin və Azərbaycanın enerji infrastrukturlarının regional və qlobal təhlükəsizlik baxımından əhəmiyyətinin artdığını qeyd edib.

Deputat Ukrayna müharibəsində süni intellekt texnologiyalarının tətbiqinə də toxunub. Onun sözlərinə görə, müasir döyüşlərdə məlumatın əldə edilməsi, emalı və qərara çevrilmə sürəti hərbi üstünlüyün mühüm elementlərindən birinə çevrilir.

İskəndərovun fikrincə, qarşıdakı dövrdə ən mühüm strateji məsələlərdən biri ABŞ və Çin arasında süni intellektin hərbi tətbiqi üzrə mümkün təhlükəsizlik qaydalarının formalaşdırılması olacaq.

“XX əsrdə böyük güclər nüvə silahının idarə olunması üçün qaydalar yaratdılar. XXI əsrdə eyni məsələ süni intellekt qarşısında dayanır”, — deputat bildirib.