Sovet dövründə tikilmiş kooperativ binaların təmiri üçün vəsait ayrılması təklif olunur.
Yenigun.Media xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat qeyd edib ki, sakinlərlə görüşlər zamanı bu məsələ dəfələrlə qaldırılıb:
“Sakinlərin əksəriyyətinin binaların təmirini öz hesablarına həyata keçirmək və ya bunun üçün vəsait ayırmaq imkanları yoxdur. Bəs, problemin həlli üçün hansı addımlar atıla bilər?
Hesab edirəm ki, burada iki mümkün variant var. Birinci variant həmin binaların vəziyyətinin araşdırılması üçün müvafiq komissiyanın yaradılması və onların dövlət balansına verilməsi məsələsinə baxılmasıdır.
Düşünürəm ki, sakinlər də belə bir qərarı məmnuniyyətlə qarşılayarlar. Əgər bu mümkün deyilsə, heç olmasa, qeyd etdiyim istiqamətlər üzrə həmin binaların təmiri üçün birdəfəlik vəsait ayrılması məqsədəuyğun olardı. Təbii ki, təmir işləri başa çatdıqdan sonra binaların saxlanılması və cari təmiri sakinlərin öz öhdəliyinə verilə bilər”.
O hesab edir ki, böyük maliyyə vəsaiti tələb etməyən bu iki təklifin nəzərdən keçirilməsi hökumətin səlahiyyətindədir:
“Hökumətin bu məsələyə diqqət yetirməsi və problemin həlli istiqamətində müvafiq addımlar atması yaxşı olardı”.

